“Mən Faiq Şahbazlının düşündüyü adam olsaydım...”
12:47 27-11-2012
CƏMİYYƏT
“Mən Faiq Şahbazlının düşündüyü adam olsaydım...”
İşini bilməyən bu insanla nəinki yaxşı dərslik yaratmaq olar, heç Biləcəriyə də gedib çıxmaq olmaz
Bu neçə gün öncə Lent.az saytı ümumtəhsil məktəblərinin yeni dərslikləri haqqında oxuculara qiymətli bir araşdırma-yazı təqdim etdi. “Dərslik bəlası: gələcəyin altını qazmaq necə olur...” sərlövhəli həmin yazı hazırlanarkən müəlliflər məsələ barədə mütəxəssis kimi mənim də fikrimi öyrənmişdilər. Sağ olsunlar!
Onlarla söhbət zamanı səsləndirdiyim fikirlərdən yazıda vur-tut bunlardan istifadə olunmuşdu: “Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm ki, gəlin dərsliklərlə bağlı yazılarımı müzakirə edək. Lakin onlar müzakirədən qaçırlar. Yenə də deyirəm ki, bizim dərsliklərin səviyyəsi çox bərbad haldadır. Məni ən çox narahat edən, dərsliklərin məzmunudur. 1-ci sinifdən 5-ci sinfə qədər olan riyaziyyat dərsliklərinin müəllifi Nayma Qəhrəmanovadır ki, yazdığı dərsliklər çox bərbad gündədir. Çoxlu sayda nöqsanlar var. Bir dərslikdən 1000-ə yaxın yanlışlıq aşkar etmişəm. Həmin kitablar çox ciddi müzakirə edilməlidir”.
İndi dəyərli oxuculardan soruşuram: Bu fikirlərimdə etikadan, tərbiyədən kənar bir şey varmı? Amma bu fikirlər Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıya necə yer eləyibsə, o, həmin araşdırmaya cavab olaraq dünən sayta verdiyi müsahibədə dərslik sahəsində baş verən eybəcərlikləri və müəlliflərin iradlarını bir yana qoyub, mənimlə bağlı hədyanlar söyləyir. Hətta iş o dərəcəyə çatır ki, “Əlövsət Osmanlı mənim övladlarım haqqında tərbiyədən kənar fikirlər səsləndirir” kimi əcaib-qəraib ittiham da irəli sürür.
Görünən odur ki, Faiq Şahbazlı təzyiq dərmanını dəyişik saldığından aləmi bir-birinə qatıb. Əcəba, mənim yuxarıdakı fikirlərimdə onun övladlarından söhbət gedirmi? Bəli, mən başqa vaxt, başqa yazılarımda irad tutmuşam ki, onun övladlarından biri qalib nəşriyyatın məsul işçisi, digəri isə dərslik müəllifliyinə iddialıdır, ona görə də Faiq Şahbazlı dərsliklərlə bağlı tenderlərdə komissiya üzvü ola bilməz. Xatırladıram ki, bu gün onun övladı iki dərsliyin (“Zoologiya-7” və “Zoologiya-8”) müəllifidir. Şahbazlıdan soruşuram: Bu qanunsuzluğu mətbuat vasitəsilə bəyan etməkdə etikadankənar nə var?! Əlbəttə, onu yaxından tanıdığımdan və xarakterinə bələd olduğumdan türklər demiş, “ucuz atlatdığımı” düşünürəm. Yaxşı ki, hələ o, nazirliyin bütün zir-zibil işlərində məni günahkar saymır...
Əslində nə baş verib? Baş verən odur ki, doğrudan da mənim həmmüəllifi olduğum dərslik 2008-ci ildə heç bir ağlabatan əsas göstərilmədən Dərslikləri Qiymətləndirmə Şurasından keçmədi. Sonra mənə yenidən onun üzərində “işləməyi” təklif etdilər. Əgər mən, doğrudan da, Faiq Şahbazlının düşündüyü adam olsaydım, özü demiş, kitabımı yenidən “işləyib” təqdim edər, nazirlikdən “inciməzdim”. Hamı bilir ki, mən prinsip adamıyam. Ona görə də israrla tələb edirdim ki, kitabımda yenidən işlənməli şeyin nə olduğunu aydınlaşdırmaq üçün komissiya yaradın. Komissiya “yaratdılar” və onun başına, bir təhsil ekspertinin mətbuatda “fil doxturu” adlandırdığı, İndoneziya dilləri üzrə mütəxəssisi “sədr” təyin etdilər. Görün, belə şey kimin ağlına gələrdi?! Fikir verin: riyaziyyat dərsliyinin taleyi müzakirə olunur, hakimsə İndoneziya dilləri üzrə mütəxəssisidir! Həmin “mütəxəssisə” o zamanlar dediyim sözü oxuculara da xatırladıram: Mən İndoneziya dillərini necə bilirəmsə, sən də riyaziyyatı elə bilirsən! İndi tərbiyədən, vicdandan, əxlaqdan dəm vuran Faiq Şahbazlıdan soruşuram: Sənin nazirliyində baş verən bu hallara qarşı üsyan etməkmi tərbiyədən kənar hərəkətdir, yoxsa biabırçı dərsliklərə “krışalıq” edərək təhsilin məzmununu dağıtmaqmı? Şəxsən mən ikincini vətən xainliyinə bərabər tuturam...
Ölkənin pedaqoji ictimaiyyəti yaxşı bilir ki, mənim DQŞ-dən “keçməyən” dərsliyim məhkəmənin təyin etdiyi ekspertizanın rəyinə görə, Şahbazlının qalib dərsliklərindən çox-çox üstündür və onun haqqında nazirliyin verdiyi bir səhifəlik rəyin heç bir elmi-pedaqoji əsası yoxdur. Hazırda bu məsələ Avropa məhkəməsindədir və 2013-cü ildə baxılmalıdır...
Şahbazlı müsahibəsində mənim nazirlikdən incik olduğumu deyir. Məlumat üçün bildirim ki, bu, onun çoxdan oxuduğu bayatıdır. Açığını deyim, Şahbazlının tez-tez işlətdiyi “incik” sözünü oxuyanda təxminən 45 il əvvəl müşahidəçisi olduğum bir hadisə yadıma düşdü.
... İsti yay günlərindən biri idi. Birdən vahiməli qurbağa səsi eşidildi. Dönüb baxdıq ki, həyətimizdəki fırının oyuğundan ağzında qurbağa olan bir ilan aşağı düşür. Bunu görən anam yerdən yarmaça götürüb fırına yaxınlaşdı. İlan bunu hiss edərək geri – oyuğa çəkildi. Bu anda anam yarmaçanı endirərək ilanın başını əzdi. Qurbağa xilas oldu. Amma onun bir ayağı ilanın ağzında qalmışdı. Hadisənin ən maraqlı tərəfi o idi ki, başı əzik ilan 10-15 saniyədən sonra yenidən oyuqdan çıxaraq qurbağaya doğru cumdu...
Faiq Şahbazlının “incik” sözü ilə bağlı hərəkəti də buna bənzəyir. Nə qədər deyirsən, balam, bu sözü unut, işlətmə, söhbətin predmetindən danış, tənqidlərimizə cavab ver. Bir az keçir, görürsən ki, o, yenə öz ampluasındadır, qırıq patefon kimi “incik” sözünü təkrarlayır...
Bu gün nazirlikdə Şahbazlı problemi var. İşini bilməyən bu insanla nəinki yaxşı dərslik yaratmaq olar, heç Biləcəriyə də gedib çıxmaq olmaz. Şahbazlı kimi adamlara bizdə “çalasıtökən” deyirlər. Bu ifadənin mənasını tam açmaq istəmirəm. Bəlkə də başqalarının bilməsinə o qədər də ehtiyac yoxdur. Faiq dilçidir, özü də bilməsə dilçi dostlarından öyrənər. Amma oxucular üçün də bir balaca ipucu vermək istərdim: El arasında “çalası” bişmiş süddən qatıq hazırlamaq üçündür...
Əlövsət Osmanlı,
riyaziyyat üzrə fəlsəfə doktoru
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17