Məmurların elmi işlərinə böyük təhlükə
12:46 28-11-2012
İQTİSADİYYAT
Məmurların elmi işlərinə böyük təhlükə
Onların əksəriyyətinin elmi dərəcələri əlindən alına bilər
Azərbaycanda elmi adların biznes vasitəsinə çevrildiyi təzə xəbər deyil. Eləcə də bəzi məmurların öz maddi imkanları hesabına dissertasiya yazdırmaları və müxtəlif elmi dərəcələrə yiyələnmələri də cəmiyyətə bəlli olan həqiqətlərdəndir.
Hələ üç il əvvəl - 2009-cu ildə "Azərbaycan" qəzetində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" sərlövhəli məqaləsi dərc olundu. Həmin məqalədə yuxarıda qeyd etdiyimiz məqamlarla bağlı da sərt iradlar öz əksini tapmışdı. Sitat: "Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən biri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur…
Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir…"
Sonrakı illərdə vətəndaş cəmiyyəti və KİV də bu məsələnin üzərinə getdi və Azərbaycanda xüsusən vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri sərvətin cüzi bir hissəsini xərcləməklə elmi adlara sahiblənməsi mövzusu gündəmdə saxlanıldı. Bu istiqamətdə artıq müəyyən müsbət nəticələrin əldə olunduğuna dair rəylər var; bəziləri hesab edir ki, artıq ölkəmizdə məmurların "elmi biznes"i əvvəlki qədər güclü deyiml, bu zərərli tendensiya bir xeyli dərəcədə zəifləyib. Amma ümumilikdə vəzifəli şəxslərin pul və nüfuz gücünə elmi dərəcələr alması davam edir, hesab olunur ki, nə vaxtacan bu yollarla qazanılan elmi işlərə və adlara hüquqi qiymət verilməyib, prosesi tamamən durdurmaq çətin olacaq.
Doğrudur, zaman-zaman biz plagiat hesab edilən elmi işlərin müəyyənləşdirilməsi ilə bağlı faktların aşkarlandığı barədə xəbərlər oxuyuruq, amma dərd orasındadır ki, əksər hallarda belə işlərin "müəllifləri" arasında tanınmış simalar - məmurlar, biznesmenlər də olur ki, məhz bu səbəbdən həmin şəxslərin adları açıqlanmır. Ümumiyyətlə, rəhbər vəzifə tutan bir çox şəxslərin də elmi dərəcələrini artırmaq üçün köçürmə üsulundan istifadə etmələri barədə məlumatlar var.
Qeyd edək ki, deputatlar arasında da elmi dərəcəni köçürmə yolu ilə əldə edənlərin olması barədə də zaman-zaman KİV-ə xəbərlər daxil olur. Hətta bir müddət əvvəl bir deputatın elmlər namizədi olmadan birbaşa doktorluq dissertasiyasını müdafiə etdiyi bildirilirdi.
"Unikal"ın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, artıq məmurların elmi "işləri" və aldıqları elmi dərəcələrlə bağlı ciddi addımların atılması istiqamətində hazırlıqlar gedir. Aparılacaq genişmiqyaslı araşdırmalardan, yoxlamalardan sonra bir çox məmurların dissertasiyalarının ləğvi və elmi dərəcələrinin əllərindən alınması gözləniləndir. Hesab edilir ki, yalnız bundan sonra kimlərsə öz vəzifələrinə, maddi güclərinə arxayın olub Azərbaycan elmini bazara çevirməkdən tamamilə vaz keçə bilərlər.
Belə məmurların hətta kimliklərinin də cəmiyyətə açıqlanacağı gözlənilir ki, bu, həm onlar üçün ictimai qınağın ortaya çıxmasına kömək edəcək, həm də başqalarına görk olacaq.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53