Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı müraciət yayıb.
Unikal.org xəbər verir ki, müraciətdə deyilir:
"Hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yol polisi bir sıra maarifləndirici-kütləvi tədbirlər keçirirdi. Lakin bu il COVID-19 pandemiyası ilə əlaqədar belə tədbirlərin təşkili mümkün olmadı. Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi uşaqları qorumaq üçün valideynlərə səslənərək bir çox məqamlara diqqət yetirməyi vacib hesab edir. Uşaqların yol-nəqliyyat hadisələrindən bilavasitə qorunması valideynlərin evdə düzgün təlim-tərbiyə işləri aparmalarından, yol hərəkəti qaydalarını uşaqlara öyrətmələrindən asılıdır. Hesab edirik ki, valideynlər evdə uşaqlara yol hərəkəti qaydalarına dair ilkin bilikləri doğru-düzgün izah etməlidirlər. Hər şey uşaq arabasından başlamalıdır. Təəssüf ki, bəzi valideynlərin bu məsələlərə laqeyd yanaşması, onların səhvi ucbatından hər il Azərbaycanda onlarla uşaq yol qəzalarının qurbanı olur.
2019-cu ildə respublika ərazisində baş verən yol qəzalarında 57 uşaq ölüb, 170-i yaralanıb. Ölən uşaqlardan 24-ü, yaralananlardan isə 45-i 7 yaşadək, ölənlərdən 33-ü, yaralananlardan 125 nəfər isə 7 yaşdan 16 yaşadək olan uşaqlar olub. Həlak olmuş uşaqların 23-ü, yaralıların 90-ı piyada, ölənlərin 21-i, yaralıların isə 66-sı sərnişin qismində olublar. Yəni, onlar nəqliyyat vasitələrində sərnişin qismində olub, qəza zamanı qoruyucu vasitələr olmadığı üçün həyatlarını itirib və ya xəsarət alıblar. Odur ki, nəqliyyat vasitəsi sahiblərinə və valideynlərə təvsiyə edirik ki, avtomobillərdə azyaşlıları daşıyarkən 12 yaşdan yuxarı uşaqların təhlükəsizlik kəmərindən istifadəsini təmin etsinlər. Aşağı yaş qrupunda olanların isə xüsusi uşaq oturacaqlarında daşınmasına önəm versinlər.
Həmçinin uzunmüddətli tətil günlərinin başlanması ilə əlaqədar uşaqlara nəzarət daha da artırılmalı, xüsusilə velosipedlərdən istifadə edən uşaqlara yolun hərəkət hissəsinə çıxmanın yarada biləcəyi təhlükə azyaşlıların başa düşəcəkləri tərzdə onlara izah edilməlidir. Unutmayaq ki, təkcə ötən il ərzində yol qəzalarında ölənlərin 1-i, yaralıların isə 7-i məhz velosipedçi qimində olan azyaşlılar olub".