"Qadınlar artıq dərk edir"
"Qadınlar artıq dərk edir"

"Qadınlar artıq dərk edirlər ki, problemlər var və onlar həmin problemlər üçün dövlət qurumuna müraciət edə bilərlər".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlamasında deyib.
Onun sözlərinə görə, qadınlar artıq öz problemlərini söyləməkdən çəkinmirlər: "Bu il ərzində nə qədər müraciət olunduğunu dəqiq rəqəm kimi deyə bilməsəm də, bu rəqəm böyükdür. Bizim komitəmizə müraciət edənlərin sayı artır. Tək ona görə yox ki, problemlər artır, ona görə ki, maarifləndirmə güclənib. Qadınlar artıq dərk edirlər ki, problemlər var və onlar həmin problemlər üçün dövlət qurumuna müraciət edə bilərlər. Bu, çox yaxşı haldır. Biz indi məişət zorakılığından danışanda, deyirlər ki, bəs niyə əvvəllər belə müraciətlər yox idi. Ona görə ki, inam yox idi. İndi dövlət tərəfindən belə bir güclü siyasət təşkil olundu. Qadın artıq inamla dövlət qurumuna müraciət edir. Bilir ki, onun problemi ilə bağlı kimsə məşğul olacaq. Bizim əsas məqsədimiz odur ki, tək Dövlət Komitəsi yox, aidiyyatlı dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyətləri bu məsələdə bizə köməklik göstərsinlər. Hazırda yerlərdə olan müəssisələrimizin fəaliyyəti yaxşı nəticələr verib. Profilaktik işlər daha yaxşı nəticələr verir, nəinki biz gözləyək ki, nə vaxtsa bir xəstəlik olacaq və biz onu müalicə etməyə başlayacağıq. Ona görə də bu işlər bütövlükdə müsbət nəticələr verəcək".
"Keçirdiyimizi monitorinqlər göstərir ki, uşaqlar dərsdə oturmaq əvəzinə, vaxtlarını internet klublarda keçirirlər".
Bunu da açıqlamasında Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova uşaqların internetdən istifadəsi haqqında hazırlanan paketlər planından danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, bu işdə valideynlər daha məsuliyyətli olmalıdır: "İnternetlə bağlı bir çox ölkələrdə ciddi proqramlar, o cümlədən də qanunlar hazırlanır. Biz görürük ki, bir neçə ölkədə bu hal doğrudan da ciddi problemə çevrilib. Burada əsas problem ondan ibarətdir ki, ailədə valideynlər uşaqların internetdən necə istifadə etməsini nəzarətdən qaçırırlar. Çox zaman biz deyirik ki, uşağın özü hüquqları var. Yəni, uşaq təhsilini artırmaq üçün internetdən istifadə etməlidir. Əfsuslar olsun ki, indi internet sahəsi o qədər açıqdır ki, orada cürbəcür təsirlər var. Təbii ki, mənfi təsirlər daha çoxdur. Biz bunu istər qanunvericilikdə, istər dövlət proqramları çərçivəsində nəzarətdən qaçırmamalıyıq. Bu sahədə nəzarət funksiyaları gücləndirilməlidir. Həmçinin, valideynlərin məsuliyyəti artırmalıdır. İkinci məsələ isə odur ki, bu gün şəhər və rayonlarda monitorinq keçiririk. Monitorinqlər göstərir ki, dərs vaxtı uşaqlar internet klublarda otururlar. Bu uşaqlar dərsdə olmaq əvəzinə həmin klublarda oturub, başqa işlərlə məşğul olurlar. Bu zaman biz irad tuturuq ki, nə üçün məktəb yanında internet klublar açırlar? Çünki bu uşaqların dərsdən yayınması üçün şərait yaradır. Bunlar bir-birindən asılı məsələlərdir. Biz bu işi davam edəcəyik. Çünki, artıq bu məsələlərə dövlət diqqətinin nəzarətindədir. Gələcəkdə bununla bağlı çox güclü işlər görüləcək".
Mehdi