Dünyada ikinci böhran başlayır
03:26 31-03-2012
İQTİSADİYYAT
Dünyada ikinci böhran başlayır
"Böhran kahini" kimi tanınan Nourel
Roubin xəbərdarlığını etdi:
"Yeni böhran neftlə bağlı olacaq"
2008-ci ildən etibarən dünyanı ağuşuna alan iqtisadi böhranın birinci dalğası geridə qalsa da, artıq ikinci dalğanın hücuma keçdiyinə dair məlumatlar dolaşmağa başlayıb. Vəziyyət belədir ki, yeni böhranı yaradan əsas amil kimi neft göstərilir. Çünki son illər sürətlə bahalaşmaya başlayan "qara qızıl" dünyanın əksər ölkələrinin iqtisadiyyatına zərər verməkdədir.
Hələ 70-ci illərdə yaşanmış böhran zamanı sürətlə bahalaşan neftin ABŞ və digər Avropa ölkələrinə vurduğu zərər kimsənin yadından çıxmayıb. Həmin vaxt iri dövlətlər vəziyyətdən çıxmaq üçün Yaxın Şərqi üzük qaşı kimi əhatəyə almışdılar. Çox keçmədən problemi aradan qaldıran dövlətlər prosesin təkrarlanmaması üçün hər nə qədər tədbir görsələr də, yenə də vəziyyət dəyişməz olaraq qalır.
Dünyada "böhran kahini" olaraq tanınan məşhur iqtisadiçı Nourel Roubin isə böhranın ikinci dalğasının gəldiyi barədə xəbərdarlıq edib. O bəyan edib ki, dünya iqtisadiyyatının üz-üzə qaldığı ən böyük risq neftlə bağlıdır. "Neftin qiymətləri qlobal iqtisadiyyatın başını ağrıdır. Qiymətlərin sürətlə artması isə bu başağrıları daha da artıracaq".
O deyib ki, Səudiyyə Ərəbistanı ilə indidən danışıqlar apararaq, neft hasilatının azaldılmaması ilə bağlı razılaşma əldə olunmalıdır. Dünyanın ən çox neft istehsal edən ölkəsi olan Ərəbistandan daha çox "qara qızıl" hasil etməsini istəməyin vacib olduğunu bildirən Roubin artıq böhranın yaxında olduğunu da qeyd edib.
Bildirək ki, hal hazırda neftin qiymətləri bir barrel üçün 123 dollara çatıb. Bunun səbəbi isə ABŞ-da yaz aylarında benzin birjasında yaşanan sıxıntılar və Yaxın Şərqdə cərəyan edən proseslər göstərilir. Roubin isə deyir ki, qiymətlər daha da artacaq. "Son günlər neftin qiymətində cüzi düşüşlər olsa da, bu belə qalmayacaq. İlin ilk yaırısında Brent markalı neftin qiyməti 14 faiz bahalaşacaq. ABŞ neftinin qiyməti isə bunun fonunda 4 faiz yüksələcək".
Baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə 2008-ci ildən başlayan iqtisadi böhran ölkəmizdə o qədər də hiss olunmayıb. Rəsmi qurumlar isə bəyan edir ki, bundan sonra da dünya iqtisadi böhranından əziyyət çəkməyəcəklər. Onların rəyinə görə, Azərbaycanın yetərli qədər valyutası olmaqla bərabər, həm də stabil iqtisadiyyatı var.
Neftin qiymətinin artması isə təbii ki, Azərbaycana təsirsiz ötüşməyəcək. Amma bu təsir mənfi yox, müsbət məcrada olacaq. Çünki Azərbaycan neft istehşal edən ölkədir və bundan sonra daha 100 il müddətində hasilatçı ölkə olaraq qalacaq. Bu isə o deməkdir ki, artan qiymətlərdən dolayı, ölkəmizə daxil olacaq valyutanın da miqdarı çoxalacaq. Və 2030-cu ilə kimi nəzərdə tutulan 400 milyard dollarlıq neft pullarının həcmi 500 milyarda kimi yüksələ bilər.
Burada tək bir məsələ qalır ki, o da neftin pullarının hansı məqsədlərlə xərclənəcəyidir. Belə ki, Azərbaycan hökuməti indidən oturub dərindən düşünməlidir ki, həmin pulları investisiya şəklində iqtisadiyyata yatırsın. Eyni zamanda, bu proses xarici ölkələrdə həyata keçirilməlidir. Düzdür, Şərqi Avropa və Türkiyədə bir sıra layihələrə imza atılıb və investisiyalar qoyulub. Amma prosesin təkcə bu məkanla məhdudlaşması 400-500 milyard dolların sərf olunması üçün yetərli deyil.
Namiq
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42