Talış separatçılığı güclənir
12:43 29-11-2012
CƏMİYYƏT
Talış separatçılığı güclənir
Hadı Rəcəbli isə hələ ki, susur
Bir neçə gündür ki, fəaliyyətə başlayan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi artıq müəyyən şübhələrin ortaya çıxmasına səbəb olub. Belə ki, fəaliyyətlərinin ilk günlərində yeni qrum milli azlıq probleminə avantürist yanaşma sərgiləyir və daha çox müxalifətə meyillənir. Ən maraqlısı isə budur ki, bu təşkilatda ləzgi separatçılığı ilə məşğul olan "Sadval" təşkilatı ilə eyni vaxtda yarandı. Elə buna görə də ölkənin siyasi dairələrində bu qruma yanaşma eyni olmadı və müəyyən narahatçılıqlar ortaya çıxdı.
Bu dəfə isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov birliklə bağlı sərt mövqe ortaya qoyub. S.Novruzov deyib ki, müəyyən qüvvələr və adamlar var, onların əsas məqsədi Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaqdır. Ölkəmizdə olan sabitlik müəyyən dövlətləri və qrupları narahat edir. Onlar istənilən variantlardan istifadə etməyə çalışırlar.
S.Novruzov Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adında birliyin əslində olmadığını vurğulayıb: "Belə bir birlik yoxdur. Beş-on nəfər xaricdə oturub demaqoq fikirlər səsləndirir, Azərbaycanda vətən xaini olanlar xaricdə oturub insanları qızışdırır. Bu gün Azərbaycanda heç kəsi, talışı və ya digərini bir-birindən ayırmaq olmur. Hamı qaynayıb qarışıb, qohum-əqrəbadır. Ölkəmizdə heç bir etnik problem, yoxdur".
YAP-çı deputatın Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini yox hesab etməsi və dolayısı ilə hansısa vətən xainləri ilə əlaqədə suçlaması qarşı tərəfi qəzəbləndirib. Birliyin təsisçisi, kinorejissor Eldəniz Quliyev bildirdi ki, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi mövcud olmasaydı və fəaliyyət göstərməsəydi, YAP təmsilçiləri və digər bir sıra şəxslər ona qarşı hücum etməzdilər: "Onlar çox zaman həqiqəti görmək istəmirlər. Həm demokratik düşərgənin fəaliyyətini, həm azad sözü, həm də konstitusiyada təsbit olunmuş digər hüquqları görməməzlikdən gəlirlər. İndi də bizim yaratdığımız birliyi görmək istəmirlər. Mən bu məziyyətinə görə YAP-ı lallar, korlar partiyası hesab edirəm. Tam səmimiyyətlə deyirəm ki, Mübariz Qurbanlının, Siyavuş Novruzovun və digərlərinin bizim təzə yaranan birlik haqqında dedikləri məni sevindirir. O mənada ki, hər kəs onların kim olduğunu bilir və onlar kimi, hansı qurumu tənqid və təhqir edirsə, ictimaiyyət həmin şəxsi və ya qurumu daha çox haqlı sayır, müdafiə edir. Ona görə qoy danışsınlar. Mən öyrənmişəm bu cür danışıqlara. Düz dayanmısansa, kölgənin əyri düşməyindən qorxma. Qoy özləri bilsin, Allahları bilsin, əgər Allahları varsa. Hər şey göz qabağındadır. Bizim yaratdığımız birlik Azərbaycanın maraqları üçün yaradılıb".
E.Quliyev onu da bəyan etdi ki, əsl separatçılığı YAP-ın bəzi funksionerləri edir: "Bu separatçılıq xalqa qarşı yönəlib. Siyavuş kimi adamların açıqlamaları bir çox hallarda bu ölkənin maraqlarına daha çox zərbə vurur. Mənim üçün də Siyavuş Novruzov adında millət vəkili, siyasətçi yoxdur. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi yaranıb, məramnaməsi var, fəaliyyət göstərir. Artıq bölgələrdə görüşlər keçiririk. Lənkəran, Masallı, Lerik və Astara rayonlarında nümayəndəliklər yaradılıb. Nümayəndəliklərin rayonlarda yaradılması prosesi davam edir. Azərbaycanda demokratik islahatlar keçirilməsi istəyində olan bütün siyasi, ictimai qüvvələrlə əlaqə qurmağa, əməkdaşlıq etməyə çalışacağıq. Əməkdaşlıq sazişləri bağlamağı da planlaşdırırıq. Bunun üçün danışıqlar gedir. Eyni zamanda əməkdaşlıq üçün danışıqlar Müsavat Partiyası və AXCP ilə olacaq. Biz ölkənin ictimai-siyasi həyatında aktiv iştirak eləmək istəyirik. Yeganə şüarımız səmimiyyət olacaq. Azərbaycanda bu hakimiyyət bitib. Bunu insanlar artıq dərk edir". Gördüyünüz kimi yeni qrum daha çox siyasi maraqlar güdməyə başlayıb və yaxın zamanlarda onların fəaliyyətlərində daha maraqlı nüanslar ortaya çıxacaq. Bu arada aydın olub ki, yeni təşkilatın təşkilatçıları uzun müddət YAP-çı millət vəkili Hadı Rəcəblinin nəzarətində olublar və ciddi iş birliyi qurublar. Bu gün Hadı Rəcəblinin bu təşkilatla əlaqələrinin olub-olmamasını deyə bilməsəkdə, bu aydındır ki, cənub bölgəsində separatçı bir təşkilatın fəaliyyətinə nə həmin bölgənin millət vəkilləri, nə icra strukturları, nədə o bölgəyə ciddi təsir etmə imkanı olan Şeyxülislam Hacı Allahşükür Paşazadə hansısa formada reaksiya vermir. Bu isə onların daha geniş formada fəaliyyət göstərməsinə imkan yaradır, hətta Eldəniz Quliyev YAP-i bu cür təhqir edə də bilir. Eldəniz Quliyevin bu təhqirinə isə hələ ki, yalnız
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov reaksiya verib. Deputat bildirib ki, Eldəniz Quliyev "YAP lalların, korların partiyasıdır" deməklə böyük səhvə yol verib.
E.İbrahimov həmçinin təmsil etdiyi partiya haqda tənqidi fikirlər bildirən insanlara da sərt ismarıc göndərib.
"Yeni Azərbaycan Partiyasında olan insanlar heç bir partiyada yoxdur. Partiyamızda akademikdən tutmuş, professora kimi böyük bir ziyalı kütləsi cəmləşib. Lal, kor elə onların özləridir. Onların dilləri yoxdur danışmağa, nə də gözləri yoxdur görməyə. Onların gözü harda pis şeylər var, onu görə bilir, yaxşı tərəfləri görməyi bacarmırlar. Çünki o insanların ürəkləri xarabdır. Bu onların xarakteridir. Təəssüf ki, hamısı öz ürəkləri ilə ölçürlər. Eldəniz Quliyev çox böyük səhv edir. Yeni Azərbaycan Partiyası lalların, korların partiyası yox, ən savadlı, dünyagörüşlü, tanınmış insanların partiyasıdır. Bizə lal-kor deyən adamın özü laldır, özü kordur", -deyə E.İbrahimov Eldəniz Quliyevə cavab verib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27