"Həftəsonu tətbiq olunmuş sərt karantin rejimindən sonra biz yenidən insanların sağlamlığının qorunması üçün lazım olan təhlükəsizlik tədbirlərinə riayət etməliyik"
Bunu Unikal.org-a açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanılması çox önəmlidir:
"İkinci əsas məsələ isə qoruyucu vasitələrdən istifadədir. İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik. Eyni zamanda, evə geri döndükdən sonra dezinfeksiya edici vasitələrdən, spirtdən istifadə də mühümdür.
Digər vacib məsələlərdən biri isə ehtiyac olmadıqca alış-veriş məkanlarına, ictimai-iaşə obyektlərinə getmək və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulmasıdır. Sağlamlıqla bağlı ciddi problem olanda isə tibb müəssisələrinə müraciət edilməlidir. Bunlar da insanların sıx toplaşdığı məkandır. Bu məkanlarda virusdan qorunma qaydalarına sərt karantin qaydalarının tətbiq olunmadığı günlərdə belə diqqətlə yanaşmaq lazımdır."
Murad İbrahimli