Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeniliklərə imza atır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Unikal.org-a bildirib ki, respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib. Artıq 14 rayonda SCADA sisteminə qoşulan 322 subartezian quyusundan əkinlərin suvarılmasında istifadə edilir.
Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür. Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və ya söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır.
Gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.