Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolunda apardığı tikinti-bərpa işlərini yekunlaşdırır.
Bu barədə Unikal.org-a AAYDA-dan bildirilib.
Tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, AAYDA-nın və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.
Sözügedən layihəyə uyğun olaraq, artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.
Anoloji işlər yamacın üst hissəsində də aparılıb. Burada da svay əsaslı istinad divarı inşa edilib. Qeyd olunan işlərlə yanaşı yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülüb.
Bundan başqa, ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb.
Tikinti-bərpa işlərinin sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülüb. Hazırda ərazidə yeni yol yatağı inşa olunur. Ardınca yol əsası inşa edilərək yaxın günlərdə asfaltlanma işlərinə də start verilməsi planlaşdırılır.
Ümumilikdə tikinti-bərpa işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.