Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn rejimdə öz işini davam etdirir.
Unikal.org xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov onlayn təşkil olunan imtahan sessiyasını izləyib. Rektor koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq BMU-da onlayn formada tədrisin məsafədən təşkil edildiyini xatırladıb və bunun üçün bütün texniki imkanların yaradıldığını bildirib. Rektor tələbələrinin böyük əksəriyyətinin Google Classroom platformasından istifadəsinin və onlayn tədrisə cəlb olunmasının təmin edildiyini söyləyib və bildirib ki, tədris olunan fənlərin, ümumilikdə 98%-i onlayn formada təşkil edilib.
Rektor Havar Məmmədov ümumilikdə Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğulayıb. O, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi istiqamətində verilən qərara toxunaraq, məsələnin nəzarətdə saxlanıldığını və bu istiqamətdə iş aparıldığını bildirib.
Rektor yaz imtahan sessiyanın şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırıb. Havar Məmmədov imtahan nəticələrindən narazı qalan tələbələrin universitetdə yaradılmış apelyasiya komissiyasına onlayn şəkildə müraciət etmə imkanlarının olduğunu bildirib. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən bütün tələbələrin suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, BMU-da yaz semestrinin imtahan sessiyası 8 iyun tarixində başlayıb, 5 həftə ərzində onlayn qaydada test və frontal sorğu formasında davam edəcək. Mövcud vəziyyət və tələbələrin rəyləri nəzərə alınaraq imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları vaxtında hazırlanıb və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Həmin qaydalar BMU-nun saytında yerləşdirilib.