Azlıqların problemləri Cenevrədə müzakirə edilir
12:45 29-11-2012
CƏMİYYƏT
Azlıqların problemləri Cenevrədə müzakirə edilir
BMT-nin Cenevrədəki Baş Qərargahında - Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyası keçirilir. Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul olunmuş "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"sinin 20 illiyinə həsr edilib.
Sessiyada çıxış edən Azərbaycan prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnik və dini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib, ölkədə etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlərin sivil normalar əsasında tənzimlənməsi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində görülən çoxsaylı tədbirlərdən bəhs etmiş, azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafına dövlətin göstərdiyi diqqət və qayğını konkret faktlarla sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında prezident fərmanının imzalandığını bildirib. Nümayəndə heyətinin rəhbəri, həmçinin Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunduğunu vurğulayıb və bildirib ki, Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılmış, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur.
Əli Həsənov həmçinin əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.
Millət vəkili Asim Mollazadənin sözlərinə görə, "Azərbaycandakı etnik durum və burada yaşayan etnik azlıqların vəziyyəti dünyanın bir çox ölkələri üçün ciddi nümunə ola bilər. Bu vəziyyət elə-belə formalaşmayıb. Bu vəziyyətin yaranmasına səbəb, birinci növbədə, Azərbaycan xalqının yüksək mədəniyyəti, qeyri xalqlara və dinlərə, mədəniyyətlərə yanaşmada sərgiləyə bildiyi tolerantlıqdır. Hətta başqa ölkələrdə diskriminasiyaya məruz qalmış etnik azlıqlar yaşamaq üçün məhz Azərbaycanı seçmişlər və proseslərin sonrakı gedişatı sübut edib ki, onlar seçimlərində yanılmayıblar. Istənilən ölkədə sosial-iqtisadi xarakterli problemlər mövcuddur. Bu baxımdan yanaşanda Azərbaycan da istisna deyil və tədricən bu problemlərin aradan qaldırılacağına inanıram. Amma Azərbaycanda heç vaxt dini-etnik mənsubiyyətinə görə sıxışdırılan, hüquqları tapdalanan vətəndaş olmayıb".
Millət vəkilinin verdiyi məlumata görə, "Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra verilmiş ilk fərmanlardan biri ölkədəki etnik azlıqların hüquqlarının qorunması barədə olub. Elə təkcə bu faktın özü göstərir ki, dövlətimiz ölkədəki milli azlıqların taleyinə və milli mədəniyyətlərinə nə dərəcədə həssaslıqla yanaşır. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas dəhlizlərdən biri olması da ölkədə etnik mədəniyyətlərin taleyinə həm ciddi, həm də müsbət şəkildə təsir imkanları yaradır. Bildiyimə görə, ölkədəki etnik azlıqların mədəniyyətlərinin daha da inkişaf etdirilməsi üçün gələcəkdə dövlət tərəfindən digər addımlar da atılacaq".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27