Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalın növbəti – IV sayı çapdan çıxıb.

Nəfis tərtibatda və yüksək keyfiyyətlə çap edilən “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.

“Süfrə” jurnalının IV sayında da qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb. Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib. Belə ki, “Obyektiv” rubrikasında Kənd Təsərrüfatı naziri İnam Kərimovla son illər Azərbaycanda aparılan uğurlu aqrar islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında müşahidə olunan müsbət dinamika barədə müsahibəni oxuya bilərsiniz. “Həkim sözü” rubrikasında isə həkim Sevinc Zaman diyetologiya ilə nutrisiologiyanın əsas tələblərindən bəhs edib, sağlam qidalanmağın bir çox sirlərini açıqlayıb. Jurnalın “Bələdçi” rubrikasında qida sənayesindəki yeniliklər, maraqlı kəşflər barədə məlumat verilib, həmçinin immun sistemini gücləndirən qidalar, yoluxucu xəstəliklərdən qorunmaq barədə tövsiyələr, alış-verişdən sonra gigiyena qaydaları təqdim olunub. “Qida Akademiyası” rubrikasında “Qatqı maddələri, yoxsa qida əlavələri?”, “Pendirin faydası və zərəri” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.

“Süfrə”nin bu sayında milli qidalarımızdan Bilgəh zəfəranı, Abşeron zeytunu, qeyri-adi Ərzuman küftəsi barədə dolğun məlumat alacaqsınız. “Laboratoriya” rubrikasında isə gündəlik qida rasionumuzda vacib yer tutan kərə yağının tərkibini və keyfiyyətini yoxlatmaq qaydasından bəhs edilir. “Axırıncı aşırım” kinosundan maraqlı süfrə səhnələrini isə Sizə “Kinomenyu” rubrikasında təqdim edirik.

Dünyanın əksər ölkələrinin iqtisadiyyatının inkişafında turizm sektoru xüsusi yer tutur. Bu baxımdan “Mətbəx turizmi” başlıqlı məqalə diqqətinizi çəkəcək. Məqalədə mətbəx turizminin inkişafı üçün imkanlardan, eləcə də region mətbəximizi tanıtmağın vacibliyindən bəhs edilir. “Bizdə yoxdur” rubrikasında dünyanın məşhur gəmi-restoranları barədə oxuya bilərsiniz.

“Sağlamlıq məktəbi” rubrikasında dərc olunmuş məqalədə uşaqlarda meyvə-tərəvəzlə qidalanma normaları barədə dolğun məlumat yer alıb. Həmçinin “Fərqli qida” rubrikasından ənginarın sağlamlıq üçün nə qədər faydalı olduğunu biləcəksiniz.

“Lifehack” rubrikasında kişilər üçün ekstremal məsləhətlərdən, “Texno” rubrikasında isə sağlamlığın keşiyində duran tətbiqlərdən faydalana bilərsiniz. “Tarixdən” rubrikasında Azərbaycanda çay mədəniyyəti barədə maraqlı məlumatlar yer alıb.

Qeyd edək ki, “Süfrə” jurnalının IV sayını əldə etmək üçün (012) 565-12-72 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.