Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Abşeron Rayon Məşğulluq Mərkəzi vətəndaşın xəbəri olmadan onun adına VÖEN açaraq xidmət müqaviləsi bağlayıb.
Bu barədə Unikal.org-a məlumat verən Timur Səmədov deyib ki, özünün xəbəri olmadan işlə təmin olunduğunu və 250 manat dəyərində maaş aldığını yeni öyrənib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz şəxslər üçün pandemiya ilə əlaqədar ayırdığı 190 AZN məbləğində yardım üçün mən də müraciət etmişdim. Birinci ay 190 manatı aldım. İkinci ay isə SMS gəldi ki, adıma əmək müqaviləsi var. Nazirliyə müraciət etdim. Orada mənə bildirdilər ki, adıma VÖEN var, bu səbəbdən də mənə ödəniş olunmayacaq. Guya Abşeron Rayon Məşğulluq Mərkəzində nəzarətçi kimi işə götürülmüşəm və 250 AZN əməkhaqqı alıram. Bəs mənim bundan niyə xəbərim yoxdur, əməkhaqqımı kim alır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin mərkəzə müraciət etməyimi bildirdilər. Abşeron Rayon Məşğulluq Mərkəzindən isə heç bir məlumat ala bilməmişəm".
Abşeron Rayon Məşğulluq Mərkəzindən Unikal.org-a bildirilibib ki, problemin həll olunması üçün vətəndaş mərkəzə yaxınlaşmalıdır: "Vətəndaşın adını, soyadını sistemdə axtarış verən zaman sistemdə hər hansısa məlumat çıxmır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Timur Səmədova belə məlumat veriblərsə, sənədləri ilə bizim mərkəzə yaxınlaşsın. Ola bilər ki, sistemdə hər hansısa səhvlik olub. Ümumiyyətlə, Abşeron Rayon Məşğulluq Mərkəzində 2 minə yaxın yeni xidmət iş yerləri açılıb. İşə götürənlərin hər biri ilə rəsmi şəkildə müqavilə imzalanıb və hər biri öz işində fəaliyyət göstərirlər".
İlkin Sultanlı