İyunun 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videobağlantılı onlayn müşavirə keçirib.
Unikal.org xəbər verir ki, müşavirədə inzibati ərazi dairələrində ictimai-siyasi vəziyyət, sosial-iqtisadi inkişaf və mədəni quruculuqla bağlı görülən işlər, habelə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
Müşavirədə geniş nitq söyləyən İcra başçısı ölkə Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı qarşıya qoyduğu vəzifələrin hər bir ölkə vətəndaşı kimi hər bir rayon sakini üçün də həyati əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq hamını bu vəzifələri şərəf və ləyaqətlə icra etməyə, bütün qüvvələri səfərbər edib həmrəylik nümayiş etdirməyə səsləyib.
Natiq koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına, tibbi-qoruyucu vasitələrdən, maska və digər ləvazimatlardan istifadəyə, habelə vətəndaşların həftəsonu evəqapanma ilə bağlı göstərişə tam şüurlu şəkildə əməl etmələrindən ötrü mobil qrupların üzvlərini, ağsaqqalları, ziyalıları, ictimai aktiv qadınları, gəncləri cəlb etməklə yerlərdə təbliğat-izahat işlərinin daha da gücləndirilməsinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin müntəzəm olaraq əhaliyə çatdırılmasının vacibliyini müşavirə iştirakçılarının bir daha diqqətinə çatdırıb.
Eyni zamanda müşavirədə şəhərdə və rayon ərazisində təmizlik, sanitariya-dizenfeksiya işlərinin davam etdirilməsinin, məişət tullantılarının vaxtında yığılıb daşınmasının, kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyuna olan tələbatının ödənilməsindən ötrü su ehtiyatlarından səmərəli istifadə olunmasının, habelə təsərrüfatlara yüksək gəlir gətirən barama məhsulunun tam və itgisiz yığılmasının, proqnoza əməl olunmasının həlli vacib vəzifələr kimi qarşıda durduğu qeyd olunub. Həmçinin müşavirədə yay mövsumunun gəlişi və havaların normadan artıq istiləşməsi ilə əlaqədar meşələrin, taxıl zəmilərinin yanğından mühafizəsi, mövcud yaşıllıqların qorunması və suvarılması, haqqı ödənilən ictimai işlərə cəlb olunan şəxslərin işə davamiyyətinə ciddi nəzarətin olunması və yuxarıda qeyd olunan sahələrdə, yaşıllaşdırma-abadlıq və digər işlərdə onların qüvvəsindən səmərəli şəkildə istifadə edilməsinə geniş diqqət yetirilib. Müşavirəni yekunlaşdıran İcra başçısı qeyd olunan məsələlərlə bağlı müvafiq tövsiyyə və tapşırıqlar verib.