Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib. Bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.
Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395090 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir. “Arıçılara ödənilən subsidiyanın ölkəmizdə bu təsərrüfat sahəsinin inkişafına, məhsuldarlığın artmasına xidmət edəcəyinə əminik. Yeni mexanizm bizə bu təsərrüfat sahəsinin inkişafında maraqlı olub, lakin məhsuldarlığı az olan bölgələri müəyyənləşdirməyə şərait yaradacaq. Bu da gələcəkdə məhsuldarlığı artırmaq üçün dəstək layihələri hazırlamağımıza imkan verəcək”, -deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.
Qeyd edək ki, bu ildən tətbiq edilən yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı istehsalçılarına verilən bütün subsidiyalar, o cümlədən arıçılara ödənilən subsidiya EKTİS-də vahid sistemdə birləşib. Arıçılar subsidiya almaq üçün öz təsərrüfatları, arı pətəklərinin sayı, bəslədikləri arının cinsi haqda məlumatları bu sistemdə yerləşdirirlər. Arıçıların EKTİS-də 2020-ci subsidiya ili üçün qeydiyyatı mayın 31-də başa çatıb.