Koronavirusun yayılması ilə sərhəd buraxılış məntəqələrinin bağlandığına görə İranda qalan 45 Azərbaycan vətəndaşı Astara sərhəd buraxılış məntəqəsi ilə öz ölkəsinə qayıdıb.
Unikal.org xəbər verir ki, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib. Onun sözlərinə görə, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb.
Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.
Gömrük rəsmisi deyib ki, 1 martdan Astara sərhəd buraxılış məntəqəsi vətəndaşların keçidi üçün bağlanıb və bu proses 1 iyuladək davam edəcək.
Qeyd edək ki, koronavirusun yayılması ilə bir çox ölkə arasında sərhəd buraxılış məntəqələri bağlanıb.
İranda bu günədək (24 iyun) 212 501 nəfər koronavirusa yoluxub, 9 996 nəfər ölüb, 172 096 nəfər sağalıb.