Milli Məclisin deputatı Ağalar Vəliyevin videobağlantı formatında Goranboy rayonunun Xanqərvənd və Aşağı Ağcakənd kəndlərindən olan seçiciləri ilə onlayn qəbulu keçirilib.
Unikal.org xəbər verir ki, deputat Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə seçicilərə ətraflı məlumat verib.
Millət vəkili bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib və xüsusi karantin rejimində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyin vacibliyini vurğulayıb.
Bir sıra məsələlərlə əlaqədar müraciətləri dinləyən deputat bəzi aztəminatlı seçicilərin sosial-məişət məsələləri ilə bağlı fərdi xahişlərinin təmin edilməsinə operativ reaksiya göstərib.
Eyni zamanda sakinlərin və pedaqoji kollektivlərin müraciətləri nəzərə alınaraq Ağalar Vəliyevin tapşırığına əsasən deputat ofisinin nümayəndələri tərəfindən rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Xanqərvənd və Aşağı Ağcakənd məktəblərinin istilik sistemləri ilə təchiz olunması imkanları yerində araşdırılılıb.
Seçicilərə bildirilib ki, deputatın bilavasitə dəstəyi ilə adı çəkilən məktəblərin istilik enerjisi ilə təmin olunması istiqamətlərində aidiyyatı qurumlarla birgə müvafiq tədbirlər görüləcək.
Onlayn qəbulun iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.