“26 İyun- Silahlı Qüvvələr Günü keçilən yolu bir daha nəzərdən keçirməyi zərurətə çevirir. Hər bir ölkənin suverenliyinin, təhlükəsizliyinin qarantı olan ordunun güclənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi həyata keçirilən siyasətin ana xəttini təşkil edir. Bu gün böyük fəxrlə və inamla qeyd edirik ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Təbii ki, bu uğurumuzu şərtləndirən əsas amil iqtisadi qüdrətimizin artması və bu fonda digər sahələr kimi, ordu quruculuğu istiqamətində də zəruri addımların atılmasıdır”.
Bu barədə Milli Məclisin deputatı Ağalar Vəliyev Unikal.org-a açıqlamasında bildirib.
“Deputat tarixə müraciət edərək qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ayrı-ayrı istiqamətlərlə yanaşı, hazırda 102 yaşını qeyd edəcək Azərbaycan Silahlı Qüvvələrinin dünəninin, bu gününün və gələcəyinin təqdimatı oldu. Həmin il çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin, eyni zamanda, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan paradlar ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
Bu təqdimatlarla yanaşı, 2016-ci ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha təsdiqlədi”.
Millət vəkili vurğulayıb ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ordu quruculuğunun təşkilinə və Silahlı Qüvvələrin maddi-texniki bazasının formalaşdırılmasına böyük stimul oldu: “Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun - Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir.
29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət yetirdikdə, ölkəmizin müdafiə gücünün artırılması istiqamətində atılan addımların davamlı xarakter aldığını böyük inam və qətiyyətlə qeyd edə bilərik. Son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev bölgələrə səfəri çərçivəsində hərbi hissələrdə olur, əsgərlərin qayğıları ilə yaxından tanış olur, aidiyyəti qurumlara öz tapşırıq və tövsiyələrini verir. Bu diqqət və qayğı gənclərimizin ordu sıralarına daha böyük ruh yüksəkliyi ilə qatılmalarını şərtləndirir”.
Milli Məclisin üzvü diqqəti Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərə yönəldərək bildirib ki, 2018-ci ildə keçirilən “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi oldu.
Azərbaycanın diplomatik mübarizədə qələbəsini, eyni zamanda, iqtisadi imkanları əsasında möhkəmlənən və güclənən ordusunun bu günkü inkişaf səviyyəsini önə çəkən Ağalar Vəliyev böyük inam hissi ilə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız döğma yurd-yuvalarına qayıdacaq, ölkəmiz davamlı inkişafı ilə dünyanın diqqətində olacaq.
Hüseyn İsgəndərov