"Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur".
Unikal.org e-tibb.az-a istinadən bildirir ki, bunu kardiocərrah, tibb elmləri doktoru, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərargahın tibbi eksperti Rəşad Mahmudov açıqlayıb. R. Mahmudov deyib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: "İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər".
İnfeksion xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Vasif Əliyev bildirib ki, kondisionerli havada insan daha tez xəstələnir, immun sistemi daha tez aşağı düşür: "Soyuq hava zökəm kimi xəstəliklərin daha tez yaranmasına səbəb olur. Kondisioner havasında nə qədər çox otursaq bir o qədər bədən müqavimətimiz zəifləyir. Xəstəliyə yoluxma riskimiz də artır. Ancaq havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Havada gərək virus olsun ki, kondisioner virusu yaysın. Virus olmadığı halda kondisoner onu necə yaysın, çöldən virus gəlmir".