Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Tatlı kəndi ərazisində 2 ədəd partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 300 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.