Qazaxıstanın İnformasiya və İctimai İnkişaf  Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.

Unikal.org xəbər verir ki, jurnalistin rəhbərlik etdiyi “Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də, digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. 

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda “Axtarış” və “Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.