“Ölkəmizdə tibbi kadrların çatışmazlığı problemi yoxdur”.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.
Onun sözlərinə görə, pandemiyadan, koronavirus problemindən öncə həkim və tibb bacısı qıtlığı bəzi dar ixtisaslar istisna olmaqla, mövcud olmayıb: “Amma pandemiya gözlənilməz haldır. Heç bir ölkənin səhiyyə sistemi bu cür pandemiyalara hazır deyil. Ona görə mövcud olan resursları səfərbər etməyə, bəzilərini isə kənardan gətirməyə ehtiyac var. Məsələn, dərmanları kənardan gətirmək olar, modul tipli xəstəxanaları tikmək olar, amma həkimləri hardansa idxal etmək mümkün deyil. Çünki digər ölkələrdə də bu tibb işçilərinə ehtiyac var. Ona görə də bütün ölkələr məcburdur ki, kadr resurslarını, ehtiyatlarını imkanlar çərçivəsində tənzimləsin. Sirr deyil ki, hazırda bizim koronavirusla mübarizə aparan həkimlərimizin hamısı infeksionist, epidemioloq, reanimatoloqlar, anestezioloqlar deyillər. Müxtəlif ixtisaslar üzrə olan mütəxəssislərimiz də hazırda COVID-li xəstələrin müalicəsi ilə məşğul olur. Tibb işçilərimiz böyük yük altında çalışırlar. Müvafiq olaraq, həmin yükü, o cümlədən kadr nöqteyi-nəzərindən olan yükü azaltmaq tələb olunur. Bununla bağlı təcili tibbi yardımla bağlı da kadr üçün elan edilib ki, işlərimizi optimallaşdırmaq mümkün olsun”.