Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş Nazirin müavini Əli Əhmədovun müvafiq göstərişinə əsasən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə onlayn konfrans keçirilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, onlayn konfrans “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusuna həsr olunub.  

Komissiyaya üzv olan qurumların məsul əməkdaşlarının, habelə şəhər, rayon komissiyalarının sədrlərinin iştirak etdiyi videokonfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də yer alıb. 

Videokonfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov,  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Orxan Cəfərov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elvin Hüseynxanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov,  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov, Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, İsmayıllı rayon İcra hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev çıxışlar ediblər. Bu zaman Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirlərdən danışılıb, mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.