Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı daha bir preparatın kliniki testlərini dayandırıb.
Unikal.org xəbər verir ki, ÜST-ün koordinasiyası əsasında Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı istifadə edilən lopinavir/ritonavir preparatları ilə kliniki testlər aparılırdı və beynəlxalq təşkilat bu testlərin dayandırılması barədə qərar qəbul edib. ÜST-ün rəsmiləri bildiriblər ki, testlərin dayandırılması dərmanların hansısa mənfi təsiri ilə əlaqədar deyil, daha çox COVID-19 xəstəliyinin gedişatına praktiki olaraq heç bir təsir göstərməmələri ilə izah olunur.
ÜST-ün eyni qərarı malyariyaya qarşı tətbiq edilən hidroksixloroxinlə bağlı da verilmişdi, lakin həmin dərman preparatının pasiyentlərə mənfi təsiri, eləcə də ölüm hallarının artmasına aparıb çıxarması ehtimalı bu qərarın qəbulu ilə nəticələnmişdi.
ÜST-dən həmçinin bildirilib ki, bu dərman preparatları yalnız xəstəxanalarda müalicə olunan və vəziyyəti ağır qiymətləndirilən xəstələr üzərində test edilib. Profilaktik məqsədlə və ya ev şəraitində müalicə alan şəxslərin qəbul etdikləri dərmanlar protokolunda bu preparatlar yer almırlar. 39 ölkədən 5500 xəstənin qəbul etdiyi dərmanlarla bağlı aparılan həmrəylik tədqiqatında COVID-19 xəstəliyinin gedişatında hansı preparatla müsbət nəticə əldə olunması öyrənilir.