Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Qeyd edək ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib. 

Unikal.org-a AQTA-dan verilən xəbərə görə, bu indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılmışdır.

Eyni zamanda Agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və s. istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.  

Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir.