Azərbaycan banklarına “21 dekabr zərbəsi”
Bir çox banklardan iri əmanətlər geri çəkilir, kredit vermək çətinləşib
Azərbaycanın bəzi bankları arzuolunmaz situasiya ilə üzləşiblər. Bunun səbəbi isə 21 dekabrda qiyamətin qopacağına dair dövriyyəyə buraxılan informasiyalardır. Məlumatı bank sektoruna yaxın qaynaqlardan əldə etmişik.
Qeyd edək ki, normal məntiqə malik adamlar həmin xəbərləri “dedi-qodu” və yalan kimi qəbul etsələr də, bir çox ölkələrdə 21 dekabrla bağlı ciddi ajiotaj hökm sürür. Nəticədə ayrı-ayrı ölkələrin hökumətləri belə bu məsələ ilə bağlı hərəkətə keçmək məcburiyyətində qalıblar. Məsələn, Fransada insanlar Buqaraş dağının ətəklərinə və yamaclarına axışır. Polisdən və hərbçilərdən ibarət nəzarət-buraxılış kordonları isə vətəndaşların bura axınının qarşısını almağa çalışır. Axının yaşanmasının səbəbi isə on minlərlə fransızın, habelə digər millətlərdən olan insanların Buqaraş dağını son sığınacaq kimi görməsidir. Hakimiyyət isə dekabrın 23-ə qədər həmin dağa yaxınlaşmağı yasaqlayıb.
ABŞ hökuməti isə Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialardan təşvişə düşən xalqını sakitləşdirmək üçün hərəkətə keçib. Hökumət özünə aid rəsmi internet saytında (www.usa.gov) yazıb: “Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar yalnız quru və boş iddiadır”.
Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov da 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaları təkzib edib, Onun sözlərinə görə, təbiətdə insanlıq üçün bir çox təhdidlər olsa da bunlar qlobal bir problem yaratmır: “Rusiya dünya üzərindəki təbii hadisələri izləyə bilmək üçün bütün materiallara sahibdir. Əldəki məlumatlar universal fəlakətlərin 10-15 milyon ildə bir olduğunu göstərir. Dünya üzərində ən son belə təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşdı. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunlar qlobal bir problem yaratmır”.
Amma nə etməli ki, çeşidli ölkələrdə qiyamət günü söhbəti bir çox iqtisadi fəsadlara da gətirib çıxarmaqdadır, Azərbaycanda isə bunun bankların işinə mənfi təsir etdiyi vurğulanır.
Bildirildiyinə görə, son 20 gündə ölkənin bir çox banklarının müştəriləri özlərinin iri həcmli əmanətlərini geri çəkməyə başlayıblar. Bununla onların nəyə nail olmaq istədikləri bəlli deyil; böyük ehtimalla qiyamət söhbətini ciddiyə alan imkanlı müştərilər pullarını da özləri ilə bərabər “xilas” etmək fikrinə düşüblər.
Haqqında danışılan proses isə sonucda bankları çətin vəziyyətdə qoyub. Bəzi banklarda əmanətlərin geri çəkilməsi kreditlərin verilməsini çətinləşdirib. Bir çox banklar isə hətta vətəndaşlara gələn ilin əvvəllərinədək kreditlərin verilməsini dayandırmaq haqqında qərar qəbul ediblər.
Əməkdaşımız bu istiqamətdə yayılan iddiaların doğruluq dərəcəsini müəyyənləşdirmək üçün bəzi banklarla əlaqə yaratmağa çalışıb, amma iş gününün sonu olduğundan belə dəqiqləşdirmələr aparmaq mümkün olmayıb.
Reallıq isə ondan ibarətdir ki, 21 dekabrla bağlı ajiotaj tamamilə məntiq və ağıldan kənardır, reallıqla əsla örtüşmür və insanlar arasında hər hansı panikaya da ehtiyac yoxdur.
Xatırladaq ki, Mayya tarixi 2012-ci il, dekabrın 21-də sona çatır. Bir çox insanlar bu tarixdə dünyanın sonunun gələcəyinə inanır. Bu söhbətlərdən faydalanmaq istəyən bəzi kəmfürsətlər isə qiyamət günündə “qorunmaq istəyən” axmaqların cibini “boşaltmaq” üçün ağıla gələn və gəlməyən hər bicliyə əl atır. Belə sarsaq adamlar üçün yeraltı sığınacaqlar təşkil edən kim, qiyamət günü lazım olacaq əşyaların (ərzaq, paltar, şam) alverinə qurşanan kim...
Bir sözlə, biriləri insanların sadəlöhvlüyündən istifadə edib “qaz vuraraq qazan doldurmaq” niyyətinə düşüblər. Amma görünən odur ki, içi Azərbay can qarışıq, belə işbazların toruna düşənlər də o qədər az deyil.
Bundan isə yalnız və yalnız təəssüflənmək lazımdır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35