Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda  demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində geniş maştablı işlər görülür.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Unikal.org-a xəbər verilib ki, Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran  Elektrik  Şəbəkəsində  əhalini  etibarlı  və  fasiləsiz  şəkildə  elektrik  enerjisi  ilə təmin  etmək  məqsədi ilə bir  çox  işlər görülüb. Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2x16 MVA gücündə “Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidənqurulmuş və gücləndirilmiş, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya  tikilib istifadəyə verilmişdir, uzun məsafəli  xətlər  ləğv  olunaraq abonentlər yaxın və etibarlı məsafədən  elektrik   enerjisi ilə təchiz olunmuşdur. Şabran rayonunun Pirəbədil kəndində yerləşən  ümumilikdə 6 kəndi  elektrik enerjisi ilə  təchiz edən  35/10  kV-luq,  “Pirəbədil” yarımstansiyasında  hazırda əsaslı  və yenidənqurma  işləri  aparılır.  Həmçinin rayonun  17  kəndində  yenidənqurma  işləri  aparılaraq kabelləşmə başa çatmış, güc  mərkəzləri  yaradılmaqla  yeni  transformatorlar  quraşdırılmışdır. 

Şimal RETSİ,  Xaçmaz Elektrik Şəbəkəsində də geniş miqyaslı işlər görülür. 2020-ci  ilin  6  ayı  ərzində  yenidənqurma işləri  ilə  əlaqədar  Xaçmaz  rayonu  Müşkür  kəndində, Xaçmaz  şəhəri 21,25 və 61-ci  məhəllələrdə müasir  tipli transformator  məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb. Bir sözlə adı çəkilən ərazilərin elektrik enerji sistemi tamamilə yenidən qurulub. Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar  yenisi ilə  əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz  Elektrik  Şəbəkəsi  üzrə  60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.

Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə yeni güc mərkəzləri istifadəyə verir. Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator  məntəqəsi quraşdırılaraq istismara verilib. Bunadək Kuncuq kəndinin elektrik enerjisi ilə təchizatı qonşu Qalmıx kəndində yerləşən transformatordan qidalanıb.