Lənkəran rayonunun ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 km olan yol sahəsinin asfaltlanmasına başlanıb. Yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə ümumilikdə 40 min nəfərə yaxın sakinin gündəlik olaraq rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq.
Lənkəran İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, artıq rayonun şəhərə ən yaxın olan Sütəmurdov və Velədi kəndlərində əsas hərəkət yollarının asfaltlaması həyata keçirilir. Ərazidə xeyli sayda texnika çalışır. Tikintinin bütün texniki qaydaları gözlənilməklə işlər aparılır. Yollar əvvəlcə qreydelə hamarlanır, köhnə yolun yatağına çınqıl sərilərək bərkidilir. Hazırlanmış yeni yol yatağına xüsusi qatqı səpilməklə toz qatı aradan götürülür. Üzərinə qalın isti asfalt qatı döşənilir. Yol boyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür. Yolların tikintisini Lənkəran Yol Tikinti ASC həyata keçirir.
Yerli sakinlər bütün dünyada koronovirus pandemiyası ilə əlaqədar durğunluq yaşandığı bir dövrdə ölkəmizdə həyata keçirilən belə layihələri minnətdarlıqla qarşılayırlar.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov görülən işlərlə yerindəcə tanış olmaq üçün həmin ərazilərdə olub. Sakinlər onların müraciətlərinə həssaslıqla baxılmasına görə Prezident İlham Əliyevin ünvanına xoş sözlər və minnətdarlıq ifadə etməklə İcra başçısına təşəkkürlərini çatdırıblar. T.Qaraşov koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də işlər uğurla davam etdirildiyini, çox mühüm sosial əhəmiyyətli layihələrin icra olunduğunu söyləyib. İcra başçısı qeyd edib ki, əhalinin istək və arzularını reallaşdıran layihələr arasında yol infrastrukturunun yaxşılaşdırılması, yolların əsaslı təmiri və asfaltlanması ilə bağlı layihələr üstünlük təşkil edir.
Qeyd edək ki, bundan əvvəl Lənkəran və Liman şəhərlərində daha 8 küçə, Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yollar da yüksək səviyyədə təmir olunaraq asfalt örtüyü çəkilmişdi.