Azərbaycan-Avstraliya Türk Dərnəyinin sədri İmaməddin Qasımovun verdiyi məlumata görə Sidney şəhərində yerləşən türk məscidinin önündə Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətməsi ilə bağlı etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə,  İ.Qasımovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı məscidin önündə Azərbaycan və Avstraliya bayraqları dalğalandırılıb, Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkilləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasına dair məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib.

İki saatadək davam edən tədbir zamanı cümə namazına gələn yüzlərlə şəxsə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı ətraflı məlumatlar verilib.

Onlar müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətini şiddətlə qınadıqlarını bildiriblər.

Türkiyənin Sidneydəki Baş konsulunun müavini Bilal Aksoyun iştirak etdiyi cümə namazında şəhidlərimizin ruhuna dualar oxunub.