Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək aksiyaları həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə, iyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” şüarı ilə tədbir keçirilib. Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar.

Aksiyada bələdiyyə sədri Turqut Altınok, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar çıxış ediblər. Natiqlər 23 iyul tarixinin Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğal olunmasının 27-ci ildönümünün olduğunu xatırladıblar. Bildirilib ki, təkcə Qarabağ deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalır.

Türkiyənin prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın yanında olmasının dövlətimizi və xalqımızı gücləndirdiyi vurğulanıb. Onlar Ermənistana işğalçı və təcavüzkar siyasətindən əl çəkməyi tövsiyə edərək, əks-təqdirdə bu vəziyyətin Ermənistanın əleyhinə işləyəcəyini nəzərə çatdırıblar. Beynəlxalq təşkilatların tutduğu loyal mövqe kəskin tənqid olunub, Türkiyə və Azərbaycanın güclərini birləşdirərək, bu problemi həll etməsinin vacibliyi vurğulanıb.

Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri qatılıb.

“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik, Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarlarının səsləndirildiyi aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, azərbaycanlı ziyalılar və tələbələr çıxış ediblər.