Fuad Ələsgərov Azərbaycandakı korrupsiyadan danışdı
13:15 07-12-2012
CƏMİYYƏT
Fuad Ələsgərov Azərbaycandakı korrupsiyadan danışdı
"Azərbaycanın korrupsiya siyahısındakı yeri reallıqdan çox uzaqdır"
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun sözlərinə görə, "Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı olaraq həyata keçirilir. Korrupsiyanın qarşısının alınması üçün müasir dövrdə tətbiq edilən səmərəli alətlərdən biri də dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının inteqrasiya edilməsidir. Azərbaycanda son dövrlər bu sahədə də əhəmiyyətli islahatlar həyata keçirilib.
Dövlət orqanlarının fəaliyyətində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişləndirilib. Vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə xidmət edən və bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN" xidmət mərkəzlərinin yaradılması dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoymuşdur. ASAN mərkəzləri vətəndaşlara müxtəlif dövlət qurumları tərəfindən göstərilən 23 xidmətin daha keyfiyyətli və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsini nəzərdə tutur. Burada vətəndaşlar dövlət qurumlarına özlərini daha yaxın hiss edir, vaxt itkisi aradan götürülür və hər hansı mümkün mənfi halın qarşısı alınır".
Fuad Ələsgərov Transparency İnternational təşkilatının açıqladığı 2012-ci il üçün Korrupsiyanı Qavrama İndeksi ilə bağlı deyib: "Bu indeksə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil və nisbi qəbul edilməlidir. Çünki nəticələr əsasən sorğular əsasında əldə edilir və subyektivdir. Bu indeksin qüsurları ilə bağlı akademik təsisatlar və araşdırma mərkəzləri tərəfindən müxtəlif vaxtlarda rəylər hazırlanıb,
müzakirələr keçirilib. Ümumən son illər bu indekslə ölkələrdəki kontekst və real vəziyyət arasında əhəmiyyətli fərqlərin olması onun nüfuzuna mənfi təsir etmişdir və tənqidlərin sayını artırmışdır. İndeksi tərtib edən Transparency İnternational təşkilatı da həmin tənqidləri rəsmi qəbul edir və bu indeksin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirirdi. Bu səbəbdəndir ki, son 3 ildə bu indeksin tərtib edilmə metodologiyası 2 dəfə dəyişmişdir. Eyni zamanda, korrupsiyanı qavrama indeksi ilə korrupsiyaya qarşı mübarizə sahəsində digər beynəlxalq təşkilatların dəyərləndirmələri arasında fərqlər və bəzi hallarda ziddiyyətlərin mövcud olması halları qeydə alınır. Bu baxımdan bu indeks heç bir halda mövcud vəziyyət kimi qəbul edilə bilməz.
Baxmayaraq ki, Azərbaycan bu indeksdə 4 pillə irəliləyib, ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar fonunda Azərbaycanın indeksdəki yeri layiqli deyil və reallıqdan çox uzaqdır. İndeksin yeni metodologiya ilə hazırlanması ölkələrin əvvəlki illərin nəticələrinə əsasən müqayisə edilməsini qeyri-mümkün edir. Lakin ölkələrin yerlərinə əsasən müqayisə etsək, Azərbaycan keçən ilə nisbətdə bu il 4 pillə irəlidədir. Belə ki, keçən il Azərbaycan sıralamada 143-cü idi və 0-10 ballıq cədvəldə onun balı 2.4 müəyyən edilib. Builki metodologiyaya əsasən 0-100 ballıq cədvəldə Azərbaycan üzrə 27 bal müəyyən edilmiş və sıralamada 139-cu yeri tutub. İndeksdə son illər Azərbaycanla bağlı dinamika müsbətdir. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir. Azərbaycan ilə bağlı dəyərləndirmələr aparan Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin aidiyyəti qurumlarının hesabatları ilə indeksə müqayisəli baxdıqda bu nəticələr arasında fərqləri asanlıqla müşahidə etmək olar. Azərbaycan bu sahədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini gücləndirir, ən yaxşı təcrübələrin tətbiqini həyata keçirir. Bu baxımdan biz istərdik ki, görülən işlər beynəlxalq qurumlar tərəfindən daha obyektiv və çevik qiymətləndirilsin. Təbii ki, həyata keçirilən tədbirlərin bu qiymətləndirmələrdən heç bir asılılığı yoxdur, amma kənar rəy və beynəlxalq təcrübə baxımından bu əməkdaşlıq bizim üçün vacibdir.
Builki indeksdə Azərbaycanla bağlı 6 mənbədən istifadə edilmişdir.
Mənbə təşkilatların Azərbaycan üzrə dəyərləndirmələri arasında da fərqlər müşahidə edilir. Belə ki, Dünya İqtisadi Forumu, Bertelsman Fondu, Economic İntelligence Unit təşkilatlarının dəyərləndirməsi ilə Freedom House və digər 2 təşkilatın müəyyən etdiyi ballar arasında əhəmiyyətli fərqlər mövcuddur. Bu da müxtəlif mənbələrin ortaq məxrəci hesab edilən Korrupsiyanı Qavrama İndeksinə öz mənfi təsirini göstərmişdir".
Mahir
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27