Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib
Unikal.org xəbər verir ki, bugünkü İmtahanlar 14 şəhər və rayonda təşkil olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 71 imtahan binası, 1051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 186 imtahan rəhbəri, 1445 nəzarətçi–müəllim, 142 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.
29 iyulda keçirilən imtahanlarda 14 minə yaxın şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.
Bu gün müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilib. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 120-yə yaxın şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.
İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.