İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Banqladeşin Center for İnternational Studies (CİS) təhsil müəssisəsi arasında müqavilə imzalanıb.
ADNSU-dan Unikal.org-a verilən məlumata görə, onlayn formatda ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Banqladeşin CİS tədris müəssisəsinin rəhbəri Xorşed Alam tərəfindən imzalanmış françayzinq müqaviləsinə əsasən Dəkkədə ASOİU İnstitute of Asia-nın fəaliyyətə başlanması nəzərdə tutulur.
Müqaviləyə görə ASOİU İnstitute of Asia ADNSU-nun əmtəə nişanından, (ASOİU – ingiliscə ADNSU-nun abreviaturasıdır – red.), tədris proqramlarından, professor-müəllim heyətinin tədris imkanlarından, e-Azi Elektron Kitab Evinin bazasından, idarəetmə sistemindən istifadə hüququ qazanaraq bakalavr təhsil pilləsi üzrə təhsil verəcək. 2020/2021-ci tədris ilində ASOİU İnstitute of Asia-ya Cənubi Asiyanın müxtəlif ölkələrindən olan 100-dən artıq tələbənin qəbulu planlaşdırılıb və müqaviləyə əsasən onların 4 illik tədrisin müddətinin 2 ilini ADNSU-da alacaqlar. Tədris müəssisənin bakalavr pilləsi üzrə ilk məzunlarının magistratura təhsilini 1il +1il sistemi ilə Bakıda və Dəkkədə alacaqları nəzərdə tutulur.
İyulun 28-də ADNSU və CİS nümayəndələrinin Banqladeşdən olan 125 abituriyentin iştirakı ilə onlayn videokonfransı keçirilib. CİS tədris müəssisəsinin rəhbəri Xorşed Alam, ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, universitetin Əcnəbi tələbələrlə iş üzrə dekanı, dosent Yaşar Həsənov, Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov tədrislə bağlı məsələləri müzakirə ediblər, ASOİU İnstitute of Asia-da tədrisin başlanması ilə bağlı məsələlərin operativ həlli məqsədilə işçi qrup yaradılıb.