Qırğızıstanda yeni tip koronavirus pandemiyasından həyatını itirən vətəndaşlar Qurban Bayramı ərəfəsində dualarla yad edilib.
Unikal.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovın imzaladığı sərəncamla koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlər üçün bayram günündə milli matəm günü qəbul edilib. Bununla da, ictimai binalarda bayraqlar yarıya kimi endirilib.
Paytaxt Bişkekdəki Milli Ata-Beyit Memorial Qəbiristanlığında Prezident Jeenbekov və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə Covid-19 səbəbiylə həyatını itirənlərin xatirəsi anılıb. Milli matəm günü ilə əlaqədar televiziya və radiolarda əyləncə proqramlarının kəsilib.
"Bu gün ölkəmizdə koronavirus qurbanlarının xatirəsinə Ümumxalq Hüzn Günüdür. Dünyanın bütün ölkələrini əhatə edən bu xəstəlik Qırğızıstana çox acı gətirdi, itkimiz böyükdür. COVID-19 qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onları güclü olmağa çağırırıq. Allahdan səbr və güc istəyirik. Allah ölənlərimizə rəhmət eləsin" - deyə Jeenbekov, matəm mesajında bildirib.
Qeyd edək ki, Qırğızıstanda indiyə kimi 1 364 nəfər virusun qurbanı olub. 35 143 nəfər isə koronavirus daşıyıcısıdır.