Bəşər Əsədə qarşı Səddam Hüseyn üçün oynanılmış "qazlı oyun"
12:59 11-12-2012
İQTİSADİYYAT
Bəşər Əsədə qarşı Səddam Hüseyn üçün oynanılmış "qazlı oyun"
Curiya diktatoru ətrafında nə baş verir?
Qərbin aparıcı kütləvi informasiya vasitələri ABŞ kəşfiyyatına istinadən bildirirlər ki, Suriya lideri Bəşər Əsəd ölkəsindəki üsyançılara qarşı kimyəvi silahdan yararlanacaq. Məsələn, məşhur NBC telekanalının bildirdiyinə görə, bombalar istifadə üçün hazır vəziyyətə gətirilir və artıq növbəti addım onları üsyançılara qarşı tuşlamaq olacaq. Bunun üçün yalnız bir əmrə ehtiyac var.
ABŞ kəşfiyyatının məlumatına görə, Suriyanın hərbi anbarlarında böyük miqdarda sarin, yəni rəngsiz güclü əsəb gərginliyi, iflic halı doğuran qaz var. Qərbyönümlü ekspertlər onun miqdarının təxminən 250 tona yaxın olduğunu proqnozlaşdırırlar. Siyasətçilər isə həcəyan təbili çalmaqdadırlar. Bu mənada NATO-nun baş katibi Andres Foq-Rasmussenin fikirləri maraq doğurur. Baş katib bildirir ki, Suriya rejiminə qarşı onun kimyəvi silahdan istifadəsi ilə bağlı reaksiya təxirə salınmadan bildirilməlidir...
Məlumdur ki, məsələyə ABŞ prezidenti Barak Obama da münasibətini açıqlayıb: "Mən istəyirəm ki, Bəşər Əsəd və ona tabe olanlar bilsinlər: dünya onların hərəkətlərin izləyir. Kimyəvi silahdan istifadə tamamilə yolverilməzdir. Belə bir səhvi edən, düşündüyünü hərəkətə keçirən adam məsuliyyət daşıyacaq".
Suriyanın kimyəvi silahdan istifadəsi xəbəri İsraili də təşvişə salıb. Ölkə həmin silahların "Hizbullah"ın, yaxud hansısa digər terrorçu qruplaşmanın əlinə keçmədən neytrallaşmasının tərəfdarıdır.
Əlbəttə, Suriyada zəhərləyici hərbi vasitələrin istehsalını həyata keçirən yerlər var. Mövcud mənada 4 başlıca mərkəzi vurğulamaq mümkündür. Bunlar Hələb, Şam, Homs və Lataki şəhərləridir. Ölkənin hərbi arsenalında həmçinin kimyəvi silah başlıqlı ballestik raketlər də mövcuddur. Bu sıraya Koreya Xalq Demokratik Respublikasından alınmış yüksək dəqiqliyə malik "SKAD" tipli qurğuları də salmaq mümkündür.
Qeyd edək ki, orduda yalnız sarin maddəsindən Səddam Hüseyn 1988-ci ildə kürdlərə qarşı istifadə etmişdi. Həmin vaxt Hələbcə şəhərində "qaz hücumu"ndan ölənlərin sayının 3 minə çatmışdı ki, onların əksəriyyətini uşaqların və qadınların təşkil etdiyi bildirilir.
Rəsmi Dəməşq isə hökumət qüvvələrinin üsyançılara qarşı mübarizədə sarin qazından yararlanacağına dair informasiyaları qətiyyətlə təkzib edir. Əslində ümumən məsələnin meydana çıxmasında maraqlı məqamlar var. Birincisi, deyək ki, altı-yeddi ay öncə Bəşər Əsədin kimyəvi silaha əl atması daha ağlabatan versiya ola bilərdi. Çünki həmin vaxt üsyançılar indikindən daha qətiyyətli idilər. Yəni, düşünülməsi mümkündür ki, Suriya hakimiyyəti axırıncı vasitə kimi "qaz hücumu"na üz tutur. Amma hazırda vəziyyət fərqlidir. Əsəd nəyə görə hərbi anlamda özünə xeyirli sayılan status-kvonu kimyəvi silaha əl atmaqla əleyhinə çevirsin? Axı, üsyançılara qarşı "qaz hücumu"na baş vurulsa, bu, beynəlxalq ictimaiyyətin Suriya münaqişəsinə hərbi yolla qarışmasına şərait yaradacaq. Deməli, həm də mövcud səbəbdən Əsədlik nə isə yoxdur. Əsədlik olmayan başqa mətləblər də var...
Amma kimyəvi silah məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Görünən budur ki, Qərb özünün köhnə oyununu oynamaq qərarına gəlib. Həmin oyun vaxtilə oynanılmışdı. Yadınızdadırsa, Səddam Hüseyni devirmək işinə ölkədə kimyəvi silah axtarmaq bəhanəsilə başlanılmışdı. Axırda heç nə tapılmasa da, Qərb, o cümlədən ABŞ qlobal planını yerinə yetirmiş, İraq ələ keçirilmişdi. Hazırkı durumda kim təminat verə bilər ki, Qərbin iddiası İraq ssenarisinin təkrarlanmasına yönəlməyib. Əgər Səddamla bağlı kimyəvi silah istehsal edir fikri gündəmdə idisə və dolayısıyla həm də buna görə diktator asıldısa, bir ildən artıq sürən dirənişinə görə çox güman, Əsədə münasibətdə həmin silahı üsyançılara qarşı tətbiq edir iddiası səslənəcək. Məntiqlə belə proqnoz yürütməyə əsas var və onu da demək olar ki, Qərb Suriya liderini Səddamdan da betər günə qoymaq arzusundadır.
Əlbəttə, Qərbin planı yalnız plan olaraq qalır. Çünki onun Suriya məsələsində tutduğu mövqeyə qarşı kifayət qədər ciddi əks cinah və həmin cinahın təbliğat vasitələri mövcuddur. Görünür, buna görədir ki, bəzi siyasi müşahidəçilər Suriyanın hərbi arsenalındakı resursların Qərb mediası tərəfindən şişirdildiyini vurğulayırlar. Onların qənaətincə, Bəşər Əsədin üsyançılara qarşı kimyəvi silahdan yararlanacağını nəzərdə tutan iddia Suriya böhranının aradan qaldırılmasına beynəlxalq hərbi gücləri cəlb etmək məqsədi daşıyır. Texniki baxımdan isə ekspertlər Suriya ərazisinin strukturunu, eləcə də üsyançıların deslokasiya şərtlərini əsas götürərək sözügedən silahın istifadəsinin nəticə verə biləcəyini düşünmürlər.
Təbii ki, indiyədək Suriya rejiminin ayaqda qalmasında inad göstərən Rusiyanın beynəlxalq miqyasda yaranmış ajiotajı necə qəbul edəcəyi məsələsi aktual əhəmiyyət daşıyır. Bu yerdə deyək ki, əgər Rusiya İraq məsəlsində indi Suriyada göstərdiyi dirənişi göstərsəydi, çox güman, Amerikanın Səddam Hüseynə qarşı kimyəvi silah istehsal etməsi ilə bağlı ittihamı ölkəyə hücumla nəticələnməzdi. Yəni, hazırda məsələ o yerdədir ki, Suriyaya hərbi müdaxilə üçün əsas verə bilən iddianın doğru olmadığını Bəşər Əsəd deyil, Moskva inadkarlığına obrazlı desək, yeni rənglər qatmaqla isbata yetirməlidir. Kreml dairələrinin son zamanlar səsləndirdikləri bəyanatlar isə onu deməyə əsas verir ki, Qərb, habelə Birləşmiş Ştatlar Suriyaya girib Əsədin üsyançılara qarşı kimyəvi silah "istifadə etməsinin" qarşısını ala bilməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri də bunu deməyə əsas verir: "Kimyəvi silahın bir yerdən başqa yerə aparılması, istifadəsi, özü də kütləvi məhv etmək üçün tətbiqi çox ciddi problem doğuran məsələdir. Bizim üçün beynəlxalq razılaşmaların hər hansı cəhətdən pozulması tamamilə yolverilməz haldır".
Lavrovun iki cümləlik mövqeyindən elə iki nəticə hasil oluna bilər. Əvvəla, Bəşər Əsəd istəsə də, kimyəvi silahdan istifadə edə bilməz. Başqa sözlə, belə bir işi tutmaq texniki və həm də siyasi baxımdan onluq məsələ deyil. Loru desək, Lavrov Əsədin belə bir addım atacağını düşünmür. Çünki Suriya liderini yaxşı tanıyır. Əsədin Suriya məsələsinin Rusiya üçün önəmin anlamayacağına, axmaqlığa yol verəcəyinə, təkcə özünü deyil, eyni zamanda Kremli də pis vəziyyətdə qoya biləcəyinə inanmır. Rəsmi Dəməşqə dəstəyini nəzərə alsaq, böyük ehtimalla kimyəvi silahdan istifadəyə ehtiyacın duyulmadığını da yaxşı bilir.
İkinci məqam Lavrov tərəfindən Moskva üçün beynəlxalq razılaşmaların bütün öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinin vurğulanmasıdır. Yəni, Rusiya Əsədin yoxlanması baş verəcəkdirsə belə, həmin yoxlanışın işğal deyil, qaydalar çərçivəsində olmasına nəzarəti həyata keçirəcək. "Hər dəfə belə informasiyalar yayılanda, biz çox ciddi demarşlar edirik və hər dəfə də təminat alırıq ki, bu sayaq aktlar həyata keçirələ bilməz", - deyən S.Lavrovun fikirlərindən gəlinən qənaət budur ki, Qərb Bəşər Əsədin kimyəvi silaha əl atacağına dair mülahizələrlə özünü əbəs yerə yormasın.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42