Son iki ildə Bakı Mühəndislik Universitetində (BMU) hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni  ixtisas yaradılıb. 

Unikal.org BMU-ə istinadən xəbər verir ki, onların bir qismi 2020/2021-ci tədris ilinə təsadüf edir. 

- Bu ixtisaslar sırasına 

- İnformasiya təhlükəsizliyi,

- Radiotexnika və telekommunikasiya mühəndisliyi,

- Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ,

- Memarlıq,

- Şəhərsalma,

- Dizayn,

- İqtisadiyyat,

- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi,

- Ekologiya mühəndisliyi,

- Elektrik və elektronika mühəndisliyi,

- Energetika mühəndisliyi,

- Maşın mühəndisliyi,

- Nəqliyyat tikintisi mühəndisliyi,

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi,

- Sənaye mühəndisliyi daxildir.

Ümumilikdə, cari ildə BMU-nun bakalavr pilləsində 29 ixtisas üzrə 1210 plan yeri ayrılıb. Onlardan 640 yer Azərbaycan bölməsi, 15 yer rus bölməsi, 555 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. BMU-nun magistratura səviyyəsi üzrə qəbul planı isə 95 faizdən artıq dolub.

Vurğulamaq yerinə düşər ki, BMU ali təhsilin bütün səviyyələrində mühəndislik, iqtisadiyyat və idarəetmə, memarlıq və inşaat, pedaqoji sahələr üzrə kadrların hazırlığını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsidir. Universitetdə tədris prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur.

Mütəmadi olaraq laboratoriyaların və ayrı-ayrı auditoriyaların ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlər davam etdirilir. BMU-da təhsilin ingilis dilində və yüksək keyfiyyətdə tədris olunması gələcək mütəxəssislərin dünya miqyasında tanınmağına böyük əsas yaradır. BMU yarandığı dövrdən etibarən elektron universitet kimi fəaliyyət göstərib. Belə ki, elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər BMU-da geniş istifadə edilməkdədir və həmin xidmətlərin daimi təkmilləşdirilməsi işləri aparılır.