Fövqəladə təşkilatçı
10:49 14-12-2012
İQTİSADİYYAT
Fövqəladə təşkilatçı
Kəmaləddin Heydərov FHN naziri necə oldu?
Təxminən 18 il əvvəl, 1995-ci ilin yanvar ayının əvvələrində Azərbaycan içtimai-siyasi həyatında geniş müzakirələrə səbəb olan bir hadisə baş verdi. Həmin dövrdə Azərbaycan dövlətçiliyinin xilası missiyasını öz üzərinə götürmüş ümummilli lider Heydər Əliyev ölkə bürokratiyasının tanımadığı, keçmiş partiya-komsomol nomenkulaturasına mənsub olmayan gənc Kəmaləddin Heydərovu Dövlət Gömrük Komitəsinin sədri təyin etdi.
Bu təyinat həmin günlərdə birmənalı qarşılanmadı. Bu isə səbəbsiz deyildi. Bir çoxları məmur təcrübəsi olmayan və belə yüksək vəzifələr üçün çox gənc hesab olunan Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsi sədrinin qarşısında duran çətin vəzifələrin öhdəsindən gələ biləcəyinə şübhə edirdi. Doğrudur, bu şübhələri dağıtmaq üçün Kəmaləddin Heydərova uzun vaxt lazım olmadı. Kəmaləddin Heydərov çox qısa zamanda özünün fövqəladə təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək mükəmməl gömrük sistemi yarada bildi. Bu zaman onun uğur qazana biləcəyinə bir neçə ay əvvəl şübhə edənlər bir həqiqəti anladılar ki, ümummili lider Heydər Əliyev Kəmaləddin Heydərovun bu fövqəladə təşkilatçılıq qabiliyyətinə malik olduğunu bilirmiş və məhz bu səbəbdən Dövlət Gömrük Komitəsinin rəhbərliyini ona həvalə edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etmək məqsədi ilə yenidən ölkənin idarə olunmasını öz üzərinə götürdüyü 1993-cü ildə dövlət aparatı demək olar ki, formal olaraq mövcud idi. Gömrük orqanı isə tamamilə yeni bir sahə olduğu üçün məmur təbəqəsinin böyük bir qismində bu sistemin mahiyyəti və iş prinsipləri haqqında ümumiyyətlə məlumat yox idi.
Buna görə də ümummilli lider dövlət strukturlarının başına gətirdiyi məmurları çox incəliklə seçirdi və Kəmaləddin Heydərovda seçilmişlərdən oldu.
Kəmaləddin Heydərov bütün gördüyü işlər haqqında danışmağı sevmədiyi kimi, blokadada olan Naxçıvana göstərdiyi köməklik haqqında heç zaman danışmayıb. Ancaq həmin dövrdə Naxçıvanla əlaqəsi olan hər bir şəxs bu gənc iş adamının hansı fədakarlıqlar etdiyini görürdü. Həmin dövrdə Naxçıvanla əlaqəsi olan şəxslərin dediyinə görə, məhz Kəmaləddin Heydərovun qabiliyyətini və vətənpərvərliyini müşahidə edən Heydər Əliyev bütün bu işlərin kordinasiya edilməsini ona həvalə edib. Heydər Əliyevdən dəstək alan Kəmaləddin Heydərov isə bu işləri yeni mərhələyə qaldırıb və blokadada olan Naxçıvanda insanlar sabahları haqqında nigaran olmaqdan qurtulublar. Bütün bunları hamıdan yaxşı görən və qiymətləndirməyi bacaran ümummili lider Heydər Əliyev 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinə kimin sədr təyin edilməsi sualına cavab axtararkən tərəddüd etmədən Kəmaləddin Heydərovun namizədliyini irəli sürür. Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışdığı 11 il ərzində Kəmaləddin Heydərov ümummilli lider Heydər Əliyevin bu seçiminin nə qədər doğru olduğunu sübut edə bildi. Əgər bu gün bir çox ölkələr Azərbaycana Dövlət Gömrük Komitəsinin təcrübəsini öyrənməyə gəlirsə, bu məhz Kəmaləddin Heydərovun bu quruma 11 illik rəhbərliyinin bəhrəsidir. İndi Azərbaycanın gömrük orqanları ən geniş maddi-texniki bazaya malik olmaqla yanaşı, bu illər ərzində püxtələşmiş kadr potensialına da sahibdir. Bu illər ərzində Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsini təmin etməkdə hər ötən il daha böyük uğura imza atması da bu qurumun Kəmaləddin Heydərovun rəhbərliyi altında mükəmməl dövlət aparatına çevrilməsinin daha bir təsdiqidir.
Yenə də Kəmaləddin Heydərov
2006-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təbbi fəlakətlər və texnogen qəzalar zamanı dövlətin vətəndaşlar qarşısında öz üzərinə götürdüyü vəzifəni daha effektli yerinə yetirilməsini təmin etmək məqsədilə Fövqalədə Hallar Nazirliyi yaradılması haqqında qərar verdi. Azərbaycanın dünyanın bir neçə siyasi və təbii cəhətdən həsas bölgələrindən biri olan Qafqazda yerləşməsi əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanının yaradılmasını zərurətə çevirmişdi. Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında bu qərar dövlətçilik baxımından olduqca önəmli addım idi. Ümummili lider Heydər Əliyevin dövlətçilik ənənəsini davam etdirən prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqındakı qərarı Azərbaycan dövlətçiliyinin inkişafına müstəsna təsir göstərdi. Fövqəladə Hallar Nazirliyinə kimin rəhbər təyin olunması ilə bağlı seçim edərkən prezident İlham Əliyev Kəmaləddin Heydərovun namizədliyinə üstünlük verir. Bu heç şübhəsiz Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışdığı 11 il ərzində əldə etdiyi uğurlarla bağlı idi. Yeni yaradılan və gənc Azərbaycan dövləti üçün tamamilə yeni bir sahə olan Fövqəladə Hallar Nazirliyinin qısa müddət ərzində formalaşdırılması istedadlı təşkilatçıya ehtiyacı gündəmə gətirmişdi. Bir zamanlar Dövlət Gömrük Komitəsini fövqəladə təşkilatçılıq qabiliyyəti sahəsində qısa zamanda mükkəməl dövlət strukturuna çevirməyi bacaran Kəmaləddin Heydərov yeni nazirliyi də qısa zamanda mükəmməl şəkildə qura bildi. İndi yaradılmasının 7 illiyini qeyd edən Fövqəladə Hallar Nazirliyi onilliklər ərzində yaradılmış digər strukturlardan daha mükkəməl struktura çevrilib. Bu heç şübhəsiz fövqəladə hallar naziri Kəmaləddin Heydərovun az-az insanda rast gəlinən fövqəladə təşkilatçılıq qabiliyyətinin nəticəsidir.
Kəmaləddin Heydərovun dövlət adamı kimi keçdiyi yol və qazandığı uğurlar az-az adama qismət olsa da, Dövlət Gömrük Komitəsinin keçmiş sədri və hazırda Fövqəladə Hallar Naziri vəzifəsini daşıyan bir şəxsin bütün bu uğurlarına baxmayaraq göstərdiyi təvəzökarlıq da xüsusi qeyd olunmağa layiq keyfiyyətlərdəndir. Bu günə kimi onun bir dəfə olsun bu işləri mən gördüm, bu uğurları mən qazandım deməyən Kəmaləddin Heydərovun həm də ümummili lider Heydər Əliyevin siyasi kursuna sədaqətliyi diqqəti cəlb edir. Heç bir mübağiləyə yol vermədən demək olar ki, Kəmaləddin Heydərov yüksək çinli dövlət məmurları arasında bəlkə də yeganə şəxsdir ki, bütün bu keyfiyyətlərə malikdir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti narahat edən bir məsələ olduqda, insanlar dərhal kaş bu sahə də Kəmaləddin Heydərova həvalə ediləydi fikirini işlədirlər. Necə deyərlər elin gözü tərəzidir.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35