Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə xidmətlərin təşkili zamanı bir sıra zəruri qaydalara əməl olunmalıdır.

Unikal.org AQTA-ya istinadla xəbər verir ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, müştərilər arasında növbəlilik sisteminin qurulması və digər qabaqlayıcı tədbirlər kimi, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır.

Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.

Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.

Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır. Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir.