Yüzlərlə igid Azərbaycanlı II Dünya müharibəsində faşizmə qarşı mübarizədə Avropa antifaşist müqavimət hərəkatının ən tanınmış nümayəndələri hesab edilirlər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın saysız-hesabsız qəhrəmanlıqları bu gün də həmin ölkələrdə hörmətlə xatırlanır və yad edilir. Onların sırasında ən tanınan və sevilən simalardan biri Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılovdur.
Unikal.org GİN-ə istinadən xəbər verir ki, 24 yaşlı azərbaycanlı gənc Əhmədiyyə özünün cəsarəti və mərdliyi ilə Fransa Müqavimət Hərəkatının təcrübəli kəşfiyyatçısına, qorxmaz partizana, Fransa Milli Ordusunun əsgərinə, fransızların sevimlisinə çevrildi.
2020-ci ilin sentyabr ayında əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyi müvafiq Sərəncamı rəhbər tutaraq, qəhrəmanlıq tarixinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, azərbaycan, fransız və rus dillərində Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolunu və həyatını əks etdirən sənədli film təqdim edir. Film əfsanəvi qəhrəmanın yüksək insani keyfiyyətlərini, faşizmə qarşı mübarizəsini, partizan yoldaşlarının onun haqqında fikirlərini, Fransa xalqının onu unutmamasını və digər maraqlı məqamları göstərir.
· Filmin ssenari müəllifi və rejissoru - Teymur Nəcəfzadə;
· Məsləhətçi – İlham Abbasov
· Filmi səsləndirdilər- Azərbaycan dilində - Elşən Rüstəmov
· Fransız dilində - Jilian Chanpendis
· Rus dilində - Vladislav Kupryaşın