Bakı metropolitenində gündəlik sərnişin sayı azalıb.
Bunu Unikal.org-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bakı metropolitenində gün ərzində orta hesabla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşınır:
"Məlumdur ki, ölkəmizdə yeni növ koronavirus (“COVID-19”) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Sentyabr ayında bir qayda olaraq, yeni tədris mövsümü başlanır və fəal istirahət dövrü başa çatır. Sərnişindaşımanın azalmasının səbəbi bu il tədris mövsümünün yeni qaydalar üzrə başlanması, eləcə də idarə, müəssisə və təşkilatların işinin müəyyən edilmiş qaydalara uyğun tənzimlənməsidir".
B.Məmmədov qeyd edib ki, mövcud şəraiti və tələbləri nəzərə alaraq, Bakı metropolitenində sərnişinlərin ictimai nəqliyyatda metodiki göstərişlərin tələblərinə riayət etməsinin, xüsusilə də sosial məsafənin qorunmasının təmin edilməsi məqsədilə qatarların hərəkəti ən optimal hərəkət qrafikinə uyğun tənzimlənir, metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışır.