Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmanın məqsədi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir.

Fərmana əsasən, doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi, doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi, doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması həyata keçiriləcək.

Fərmanın icrası ilə əlaqədar bu Fərmanın müvafiq dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

Şəxsin doğumunun qeydə alınması ilə bağlı:

-  soyadı, adı, atasının adı;

- cinsi;

-  doğum tarixi;

- doğulduğu yer;

- valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti.

Şəxsin ölümünün qeydə alınması ilə bağlı:

-  soyadı, adı, atasının adı;

 cinsi;

-  doğum tarixi;

-  ölüm səbəbi;

- . öldüyü yer;

- öldüyü tarix.

Fərmanın icrası üçün təkliflər hazırlanması və görüləcək işlər hazırlanması Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,  Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə olunub.