İsrailin “Haaretz” xəbər saytında dağ yəhudilərinin Azərbaycanın Quba rayonunda yerləşən ilk muzeyi barədə məqalə dərc edilib (https://www.haaretz.co.il/travel/MAGAZINE-1.9115456).

Unikal.org Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, məqalənin müəllifi israilli jurnalist, "Washington Diplomat" qəzetinin və Yəhudi Teleqraf Agentliyinin müxbiri Larri Luksnerdir. Müəllif qeyd edib ki, sözügedən muzey Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə bərpa edilmiş Karhoq sinaqoqunda yerləşir. Həmin muzeydə dağ yəhudiləri mədəniyyətinin səciyyəvi xüsusiyyətləri, o cümlədən milli geyimlər, məişət və ritual əşyaları, əlyazmalar, kitablar və s. nümayiş etdirilir. Beləliklə, Azərbaycan xalqı ümumbəşəri və multikultural dəyərlərə hörmət, humanizm ideyalarına sadiqlik nümayiş etdirir.

Xatırladaq ki, Larri Luksner 2019-cu ilin dekabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilati dəstəyilə ölkəmizdə səfərdə olub, Qubadakı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Onun Azərbaycana səfəri nəticəsində "Washington Diplomat" qəzetində və "The Times of Israel" xəbər saytında Quba Soyqırımı Memorial Kompleksi və məcburi köçkünlər barədə məqalələr dərc olunub.