Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Unikal.org xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin - Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı mülahizələrin və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.