Ağdaşlı seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Cavid Osmanov növbəti qəbul keçirib.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında “Vətəndaş qəbulu həyata keçirilən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair” hazılanmış metodiki göstərişlərə ciddi əməl olunmaqla keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib.
Qəbulda olan seçicilərin müraciətləri internet, məşğulluq, su, əlillik dərəcəsinin təyin olunması prosesində mövcud olan problemlər, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olub. Vətəndaşların müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, vətəndaşlara müvafiq izahat verilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.
Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı onlara cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördükləri işlər barədə məlumatlar verib. Qəbulda iştirak edən Ağdaş sakinləri görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.