Müxalifət sıralarında parçalanma dərinləşir
13:42 18-12-2012
CƏMİYYƏT
Müxalifət sıralarında parçalanma dərinləşir
Müxalifət sıralarında parçalanma dərinləşir və bunu həm mətbuat mənsubları, həm də ekspertlər öncədən dəfələrlə proqnozlaşdırmışdılar.
Nə yazıqlar ki, bu proqnozlar düzgün çıxmaqdadır. Və bu proqnozlar gerçəkləşdikcə bir daha əmin olursan ki, bütünlükdə ölkədə din davası deyil, dən davası gedir. Bütün ölkə boyu... Bütün cəbhə boyu....
Və mətləblərin bu astar üzünə bələd olanda təəssüflə düşünürsən: "Axsaq atın kor da nalbəndi olar!"
Axsaq atın axsaqlığı məlum? Ya yerişini düz yeriməyib, ya da vurub qıçını qırıblar.
Nalbəndin korluğu da məlum: Taledən!
Keçək mətləbə. İctimai Palatadan yeni xəbər var. Belə ki, Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc öz açıqlamasında bildirib ki, "İctimai Palata birgə aksiyaların keçirilməsində maraqlı deyil. Onlar çalışırlar ictimaiyyətə göstərsinlər ki, müxalifət daxilində bunlar əsas qüvvədirlər, digərləri bu gücdə deyil".
Onun sözlərinə görə, İctimai Palata (İP) DQMM ilə əməkdaşlığı dəyərləndirsə də, indiyə qədər bu sahədə hələ heç bir ciddi addım atmayıb: "İctimai Palata müxalifətin ayrı-ayrılıqda aksiya keçirməsini istəyir. Bildiyiniz kimi, İctimai Palataya seçki qanunlarında dəyişiklik, seçki mühitinin demokratikləşməsi, həmçinin aksiyalarda birgə iştirakla bağlı əməkdaşlıq təklifi göndərmişik. Amma onlar əməkdaşlıqdan yayınmaq üçün müxtəlif izahatlar verir. Sonradan da bəlli oldu ki, Koordinasiya Şurasının iclası keçirilib və orada əməkdaşlıq dəyərləndirilib. Lakin ortada heç bir rəsmi qərar, mövqe yoxdur. Şuranın ayrı-ayrı üzvləri bildirir ki, biz prinsipcə əməkdaşıq. Əməkdaşlığımız isə guya hüquqşünasların hazırladığı memorandum əsasında olacaq. Görünür ki, bu istiqamətdə də heç bir addım yoxdur. Əməkdaşlıq haqqında sənəd isə özündə ümumi prinsiplərdən başqa heç nəyi ehtiva eləmir. Yəni prinsipcə İctimai Palata birgə aksiyadan yayınmaqla məşğuldur və ictimai rəydə özünün ana müxalifət statusunu qoruyub saxlamağa çalışır. Bu gün İctimai Palatanın təklif etdiyi odur ki, hər kəs ayrı-ayrılıqda aksiya keçirsin. Qurumun keçirdiyi aksiyalar hakimiyyətə yalnız "demokratiya görüntüsü" gətirməkdən başqa heç nəyə xidmət etmir, həm də effektsiz olur. Ona görə də hesab edirəm ki, bu cür aksiyalar keçirmək doğru deyil".
İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə açıqlamasında bildirib ki, İP və Məşvərət Məclisi əməkdaşlıq sahəsində paralel olaraq addımlar atır. O, qurumlar arasında əməkdaşlıq səviyyəsinin normal olduğunu qeyd edib: "Məşvərət Məclisinin əməkdaşlıq təklifi rəsmi qaydada Şurada müzakirə olundu və elan olundu ki, biz Azərbaycanda demokratik hərəkatı, dəyişikliyi istəyən hər hansı bir qüvvələrlə funksional əməkdaşlığa hazırıq. Bu istiqamətdə də xeyli addımlar atılıb. Yəni hüquqşünas və seçki mütəxəssislərinin hazırladığı memorandum həm İctimai Palatada, həm də Məşvərət Məclisində müzakirə edilərək qəbul olunub. Qərara alınıb ki, bu memorandum çərçivəsində Azərbaycanda geniş koalisiya yaradılması istiqamətində addımlar atılsın və bu istiqamətdə işlər aparılır. Yəni bununla bağlı bizim həm Məşvərət Məclisi, həm də İctimai Palata ilə məsləhətləşmələrimiz var. Koordinasiya Şurası dekabrın 31-dək, yəni Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bu memorandumu alqışlayaraq, demokratik tərəflərin böyük bir yığıncağını keçirmək istəyir ki, orada həm imzalanma mərasimi olsun, həm də koalisiyanın yaranması ilə bağlı hökumətə mesaj verək".
Birgə aksiyaların keçirilməsinə gəldikdə, V.Mirkamal qeyd edib ki, Məşvərət Məclisi bu günə qədər aksiya keçirməyib: "Düzdür, bir-iki dəfə aksiya təyin etsə də, Bakı Şəhər İcra Hakimiyyəti onlara başqa yer verib. Onlar da belə olan halda, ümumiyyətlə, aksiyadan imtina edib. Olmayan aksiyada iştirakımız qeyri-mümkündür. Amma İctimai Palata real aksiya keçirsə də, Məşvərət Məclisi və orada təmsil olunan partiyalar bu aksiyalara qoşulmayıb".
Natiq
Digər Xəbərlər
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30