“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən Unikal.org-a verilən məlumata görə, bunu bu gün “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”nın müzakirəsinə həsr olunan video-konfransda ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, tikintisi nəzərdə tutulan su anbarlarında 660 mln. kubmetr su ehtiyatının yaradılması gözlənilir. Bu su anbarları 139 min hektar sahəni suvarma suyu ilə təmin edəcək. O cümlədən 81 min hektar yeni suvarılacaq sahə kənd təsərrüfatı dövriyyəsinə veriləcək.
R. Aslanov çıxışında mövcud su anbarlarının həcmi və mövcud vəziyyəti barədə məlumat verərək bildirib ki, dövlət başçısının təsdiqlədiyi Tədbirlər Planına əsasən, həmçinin 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması planlaşdırılır.
“Bu, 9 min kilometr uzunluğunda kanalları özündə birləşdirir. Bunun 529 kilometri magistral, 1 644 kilometri I dərəcəli, 6 817 kilometri II-III dərəcəli kanallardır. Həmin kanalların altında təxminən 290 min hektar suvarılan sahə var və 15 rayonu əhatə edir”, - deyə o qeyd edib.
Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərinin böyük əksəriyyətinin Mil-Muğan torpaqlarının payına düşdüyünü deyən R. Aslanov bildirib ki, bu torpaqlarda həddən artıq su itkiləri müşahidə olunur. Bu, təsdiq olunan su balansında da öz əksini tapıb. Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan kanalların 73%-i torpaq kanallardır.
Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə Komissiya yaradıldığını vurğulayan R. Aslanov bildirib ki, ASC komissiyaya 2020-2030-cu illəri əhatə edən tədbirlər planı təqdim edib.