Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin rəhbərliyi ilə tərcümə olunan “Kimyəvi reaksiya mühəndisliyinin elementləri” (Elements of Chemical Reaction Engineering) kitabının onlayn təqdimatı baş tutub. 

Unikal.org xəbər verir ki, kitab BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının maliyyə dəstəyi tərcümə edilib. Nəşr kimya mühəndisləri üçün vacib dərslik kimi Amerika və Avropanın bir çox universitetlərində tədris edilir. Azərbaycanda kimya mühəndisliyi sahəsində belə bir kitabın tərcüməsi isə ilk dəfədir ki, həyata keçirilir.

BMU-nun rektoru, professor Havar Məmmədov “BP Azerbaijan” şirkəti və onun tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilən layihəni yüksək qiymətləndirib. Rektor Amerikanın məşhur Pearson mətbəəsində Skot Foqler (Scott Fogler) müəllifliyində çapdan çıxan kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksəkixtisaslı kadr hazırlığında önəmli rol oynayacağını sözlərinə əlavə edib, nəşrin tələbələr və gənc müəllimlər üçün faydalı olacağını vurğulayıb. O, BMU-nun “BP Azerbaijan” şirkəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini  və bu əlaqələrin bundan sonra da davam edəcəyinə inamını ifadə edib. Məzunların işə qəbul olunmasında, istehsalat təcrübələrinin keçirilməsində də şirkət tərəfindən universitetə hərtərəfli şərait yaradıldığını bildirən rektor “BP Azerbaijan” şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə, həmçinin şirkətin tərəfdaşlarına belə bir məsuliyyətli işi ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib. 

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda qaz sərmayələri və ünsiyyət üzrə meneceri Tamam Bayatlı  şirkətin həyata keçirdiyi layihələr haqqında ümumi məlumat verib, bir sıra universitetlərlə davamlı əməkdaşlıqlarının olduğunu söyləyib. T.Bayatlı təmsil etdiyi qurumun gənc universitet olan BMU-ya yarandığı ilk günlərdən etibarən dəstək verdiyini vurğulayıb. Bildirib ki, şirkət BMU-da müvafiq sahələrdə yüksəkixtisaslı və yerli mühəndislərin yetişdirilməsi üçün yaradılmış, hazırda da fəaliyyət göstərən Kimya mühəndisliyi və Mexanika mühəndisliyi laboratoriyalarının təsis edilməsində mühüm rol oynayıb. O, bu dəstəyin kimya və mexanika mühəndisliyi ixtisasları üzrə universitetin yüksək keyfiyyətli təhsil vermə imkanlarına əlavə töhfə olacağını inamını ifadə edib. 

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxışında BMU-da yüksək keyfiyyətli tədris prosesinin ingilis dilində aparıldığını müsbət dəyərləndirib və mühəndislik sahəsində universitetdə güclü alimlərin olduğunu bildirib. Kitabın müsbət cəhətlərindən bəhs edən akademik bakalavr və magistr tələbələrin bu kitabdan daha çox yararlana biləcəyini söyləyib. 

Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov “BP Azerbaijan” şirkətinin təhsillə bağlı layihələri dəstəkləməsini yüksək dəyərləndirib. Bildirib ki, dünyanın bir neçə dillərinə tərcümə olunmuş “Kimyəvi reaksiya mühəndisliyinin elementləri” kitabının doğma dilimizə tərcümə edilməsi bu sahədə olan tədris prosesinin keyfiyyətinin artırılmasına, tələbələrdə əmək bazarının tələblərinə uyğun, müasir bilik və bacarıqlarının formalaşmasına öz töhfəsini verəcək. Y.Ömərov kitabın təkcə tələbələr tərəfindən  deyil, eyni zamanda professor-müəllim heyəti tərəfindən də istifadə olunacağına, ölkəmizin digər ali təhsil müəssisələrinin marağına səbəb olacağına ümid etdiyini diqqətə çatdırıb.   

Layihə rəhbəri BMU-nun dosenti Yusif Abdullayev belə bir möhtəşəm  layihəyə dəstək olduqlarına görə BP və tərəfdaşlarına təşəkkür edib. O, kitabın 120 ədəd nəşr edildiyini və onların müəyyən qisminin kimya mühəndisliyi ixtisası tədris olunan universitetlərə göndəriləcəyini bildirib. 

Təqdimat mərasiminin sonunda BMU-da fəaliyyət göstərən laboratoriyaların fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.