Bu gün saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, qətlə yetirilən şəxs Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.