Yevda Abramov: "Almaniyanın yəhudilərə verdiyi kompensasiya içimizdəki yaraları sağalda bilməz"
13:50 18-12-2012
CƏMİYYƏT
Yevda Abramov: "Almaniyanın yəhudilərə verdiyi kompensasiya içimizdəki yaraları sağalda bilməz"
Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi Xocalı soyqırımının dünya çapında tanıdılması istiqamətində görülən işlər davam edir. 20 ilə yaxındır xalqın unutmadığı bu aci tarixi gec də olsa Meksika, Kolumbiya kimi Latın Amerikası ölkələrinə rəsmən tanıtdıra bildik. 1992-ci il fevralın 26-də Xocalıda yaşananların soyqırımı olduğunu daha bir neçə ölkə parlamenti tanımağa hazırlaşır.
Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlər, tarixən almanların yəhudi millətinə qarşı törətdiyi qətliam və düşmən millətlərin indiki münasibətləri barədə deyib: "Belə işlər gedirsə, mən çox sevinərəm, bu, çox lazımdır. Biz özümüz də cəhd göstəririk ki, dünya parlamentlərində, olduğumuz ölkələrdə bu məsələ qanunvericilik orqanlarında baxılsın. Hökumət tərəfindən buna cəhd göstərilirsə, bu çox layiqli addımdır. Hətta gecikmiş addımdır".
Onun dediyinə görə, "Bir soyqırımı o biri soyqırımına presedent ola bilməz. Amma əlbəttə ki, bundan istifadə etmək olar. Mən bununla bağlı bizim ölkənin media mənsublarına da demişəm ki, belə bir aksiyanı keçirmək, bunu dünyaya qəbul etdirmək üçün beynəlxalq məhkəmə olmalıdır. Xocalı soyqırımını törədən insanlar beynəlxalq tribunala çıxarılmalıdırlar. Məhkəmə qərar verməlidir. Dünya ölkələrinin qanunvericilik orqanları bunu tanımalıdır. Yadınızdadır, Nürenberq məhkəməsi 6 milyondan çox yəhudinin qırılması faktını alman- faşist işğalçılarının üzərinə qoydu. Bütün dünya bunu tanıdı".
Deputat etiraf edir ki, "Qəlbimizdəki yaralar həmişə qalacaq. Yəhudilərin qohum-qardaşı dünyasını dəyişib, onların nəvələri, nəticələri tarixdən bunu oxuyub bilirlər. Bu, millətin yarasıdır, bir ailənin yarası deyil. Bir millətin Yer üzündən silinməsi siyasəti gerçəkləşdirilib. Əsirlər keçsə də, ürəyimizdəki ürəyimizdə qalacaq. Amma mən bir şeyi deyim ki, həqiqi tarix yazılır. Millətin tarixini saxtalaşdırmaq, millətin özünü saxtalaşdırmaqdır".
Bununla belə, millət vəkili deyir ki, "Biz almanlarla ola bilər ki, barışsaq da, gələcək nəsillər süfrə arxasında otursalar da, bizim 90-cı illər tariximiz düzgün yazılacaq. Amma, əlbəttə, içimizdəki nifrəti silmək olmaz. Onu görənlərin, bu hadisələrin şahidi olanların nifrəti daha çox olacaq. Amma bu danılmazdır ki, həmin faktları yalnız tarix kitablarından oxuyanların nifrəti bir qədər zəif olacaq.
Diqqət edin, indi nə qədər yəhudi Almaniyaya köç edir. İçimizdəki nifrət bugünkü alman xalqına deyil axı. Bu, faşistlərə qarşıdır. Sabah Azərbaycan xalqı tarixdən oxuyacaq ki, soyqırımını törədən bütün Ermənistan xalqı deyil axı, bu vəhşilik Köçəryan, Sərkisyan kimi cinayətkarlara məxsusdır. Təbii ki, onlar da erməni millətinin nümayəndələridir. Emossional hisslərimizi gizlədə bilməsək də, hər halda soyqırımının törədildiyi sübuta yetirilsə, bu xalq bizdən üzr istəyəcək. Lazım gələrsə, kompensasiya da verəcəklər. Bu gün də Almaniya yəhudilərə kompenasasiya verir. Amma bu, içimizdəki yaraları sağalda bilməz. Bütün dünya istər yəhudi xalqına qarşı, istərsə də xocalılara qarşı törədilən soyqırımı bilir. Bir fakta diqqət edin ki, biz bir qonşu ilə əbədi yaşamağa məhkumuq. Nə qədər müstəqil də olsaq, nə qədər gələcək nəsildə nifrət olarsa, nə onlar burdan qaçıb Aya, Marsa qaçıb gedəcəklər, nə də biz. Biz əbədi olaraq qonşu yaşamağa məhkumuq. Mən bir daha deyirəm ki, gələcək nəslin ibrət dərsi alması üçün tarix düzgün yazılmalıdır. Baxmayaraq ki, bu bir millət üçün başucalığı gətirməsə belə, sabah xalq bilməlidir ki, biz Qarabağ müharibəsinin birinci mərhələsində niyə uduzduq".
Anar Rüstəmov
Digər Xəbərlər
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00