Şahin Mustafayevin oliqarxlar qarşısında acizliyi
13:21 19-12-2012
CƏMİYYƏT
Şahin Mustafayevin oliqarxlar qarşısında acizliyi
İqtisadi inkişaf nazirinin faydasız mübarizəsinin sirri
Artq üç ilə yaxındır ki, İqtisadi İnkişaf Nazirliyi Bakını başına götürən saxta endirim kampaniyalarına qarşı mübarizə elan etsə də vəziyyət düzəlmir. Tam əksinə, Şahin Mustafayevin nazirliyinin bu cür kampaniyalara “savaş” açmasından sonra saxta endirimlərin miqyası daha da böyüyüb. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən ekspert bildirib.
Ekspert xüsusilə qeyd edir ki, Bakıda havalar soyuyan kimi, geyim dükanları endirim kampaniyasına start verirlər. Mağazaların divarlarında endirimlərin 30, 50, hətta 70 faiz civarında olduğu yazılır. Satıcılar bildirirlər ki, endirimlərdə məqsəd satılmayan yay geyimlərini əhaliyə nisbətən ucuz qiymətə təklif etmək və növbəti ildə yeni kolleksiyaların alınması üçün pul toplamaqdır. Amma məsələ burasındadır ki, hər fəsilə uyğun geyimlərlə bağlı da gözqamaşdıran endirimlər təklif olunur, amma reallıqda həmin endirimlərin “şişirtmə”dən başqa bir şey olmadığı ortaya çıxır.
Ekspertin sözlərinə görə, Şahin Mustafayevin nazirliyinində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalardan sonra indiyədək dəfələrlə saxta endirimlərlə məşğul olan xeylit sayda mağazanın istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamlarının dayandırıldığı barədə məlumatlar verilib, amma hələ də Bakıda hər addımda belə faktların sayı-hesabı yoxdur.
Elə əməkdaşımızın şəhərdə apardığı müşahidələr də göstərir ki, əksər dükanlar 60-70 faizə qədər endirim təklif etsələr də, əslində endirimlər 25-30 faizi aşmır. Endirmə məruz qalanlar yay üçün nəzərdə tutulan köynək və şalvarlardır. Bununla belə, qış paltarları üzərində də 30-50 faiz endirim elanlarına rast gəlmək mümkündür, bu da onunla əlaqədardır ki, həmin geyimlərin üzərinə yetərincə yüksək qiymət qoyulur, saxta endirim vasitəsilə isə müştərilər elə geyimləri almağa şirnikləndirilir.
Dükanlardakı satıcılar qiymət ucuzlaşmasının böyük olduğunu desələr də, paltarların üstündəki qiymətlər bu fərqin yüksək olmadığını göstərir. Məsələn, 25 manatlıq qısaqol könyəklər 20 manatadır. 15 manatlıq yubkalar 10 manata, 54 manatlıq şalvarlar isə 44 manata satılır. Bəzi dükanlarda 3-7 manata qısaqol futbolkalar almaq olar.
Qeyd edək ki, alıcılar özü də endirim kampaniyalarının reallıqla uzlaşmadığı və saxta mahiyyət daşıdığı ilə bağlı məlumatlıdırlar, bununla belə, onlar yenə də bu “tələyə düşməli” olurlar.
Ekspert isə deyir ki, bəzi ölkələrdə bu cür saxta reklam kampaniyalarına nəzarət olunur. Məsələn, Rusiyada 25 faizdən, Rumiyada 30 faizdən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir. Bu da onunla əlaqələndirilir ki, satılan malın maya dəyərinin üzərinə ən çoxu 25-30 faiz əlavə oluna bilər. Maya dəyərindən aşağı qiymətə malın satılması sahibkara sərf etmir. Deməli, burada nə isə qanunsuz məsələ var.
Həmsöhbətimiz deyir ki, saxta endirimin mahiyyəti ondan ibarətdir ki, bir malın reallıqda qiyməti 10 manatdırsa, sonradan onu 30 manata qaldırıb bayram ərəfəsində "50 faiz endirim edərək" 15 manata alıcılara "sırıyırlar". Bu, ticarətdə saxtakarlıq və manipulyasiyasının bir növü sayılır.
Ekspert bu sahədə ayrıca qanuna ehtiyac olduğunu düşünür: "Azərbaycanda saxta endirimlərə qarşı mübarizə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən mübarizə aparılır. Yaxşı olar ki, Rusiyada olduğu kimi, bizdə də saxta endirimlərə qarşı xüsusi qanun qəbul edilsin. Cərimələrin məbləği də artırılmalıdır. Bu, saxta endirimlərlə mübarizənin effektivliyinə öz təsirini göstərər".
Ekspert deyir ki, bizim qanunvericilikdə saxta endirimlərə yol verən sahibkarlara qarşı xüsusi cərimə mövcud deyil: "Onlar istehlakçıların hüquqlarını pozduqları üçün inzibati qaydada cəzalandırılırlar. Bu da istənilən effekti vermir. Saxta endirimlərlə bağlı cərimə məbləğlərinin müəyyənləşdirilməsi və məbləğlərin artırılmasına ehtiyac var".
Qeyd edək ki, Rusiyada bu qanunun qəbulundan sonra saxta endirimlərə qarşı mübarizənin gücləndiyi nəzərə çarpır. Bizim mənbə isə hətta müvafiq qanunun qəbul edilməsinin də saxta endirimlərlə bağlı vəziyyətin kökündən dəyişəcəyinə əmin deyil: “Fikir vermisinizsə, ən biabırçı saxta endirim kampaniyalarına şəhərin mərkəzindəki bahalı dükanlarda rastlanır. İndiyədək İqtisadi İnkişaf Nazirliyinin həmin dükanlarla bağlı hər hansı ciddi müdaxiləsinə isə rastlanmayıb. Bunun da səbəbi ondadır ki, şəhərin mərkəzindəki mağaza və butiklər iri məmurların, bəzi oliqarxların nəzarətindədir, ya da onların himayə etdiyi iş adamlarına məxsusdur. Məhz bu səbəbdən Şahin Mustafayev və onun nazirliyi elə saxta endirim kampaniyaları qarşısında acizdir. Mustafayevin nazirliyinin kampaniyası hətta artıq əks-effekt verir, saxta enirim kampaniyalarının miqyası daha da böyüyür”.
Ekspert deyir ki, burada əslində qeyri-adi heç nə yoxdur, çünki İqtisadi İnkişaf Nazirliyi Şahin Mustafayevin nazir təyinatından sonra xeyli “dişsiz” quruma çevrilib. Mustafayevin hökumət içərisində ən zəif fiqurlardan birinə çevrilməsi bəzi oliqarxların, inhisarçı məmurların və onlara yaxın iş adamlarının əl-qolunu daha geniş açmasına vüsət verib.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50